Bir dəfə bir yaxınımla Bakı kəndərindən birində keçirilən “sünnət toyu”na gedirdik. Palatkaya çatmağa az qalmışdı ki, yaxınım dedi sırqanı çıxart, yaxşı deyil, Bakı kəndidi. Mən o yaxınıma baxdım və gülümsədim, amma sırqanı çıxarmadım. Sonra biz toya daxil olduq, gözlədiyim kimi toy normal keçdi, sirqaya görə diqqətlə baxan da oldu, normal yanaşanda və ümumiyyətlə baxmayanlar da :) Yəni adi günlərdə olduğu kimi, qeyri adi bir hadisə yaşanmadı. Amma bu hadisə də mən “mən” olaraq qaldım, başqaları nə düşünər deyə başqasının hüququnu pozmayan öz şəxsi seçimimdən müvəqqəti olsa da vazgeçmədim.
Hesab edirəm ki, əgər sən öz istədiyin kimi deyil, cəmiyyətin istədiyi kimi yaşayırsansa və davranırsansa, onda sən “sən” olmursan, olursan cəmiyyətin kuklası, hansı havanı çaldılar səndə onu oynayırsan.Diqqətlə baxanda açıq aşkar görünür ki, cəmiyyətimizdə gənclərin əksəriyyətinin öz azad düşüncəsi yoxdur. Azad düşüncəyə şəxsi fəlsəfəyə sahib olanların da əksəriyyəti qorxur və çəkinirlər bunu bildirməkdən və beləliklə qoşulurlar “camahat nə deyər partiyası”na. Ən acı və olduqca ən real faktlardan biri də budur ki, Sən hər hansısa bir qeyri ənənəvi olan şeylərə öz düşüncənlə, öz məntiqinlə yanaşmırsan. Sən dən öncəkilər necə düşünüblərsə elə düşünürsən, azad fikirin yoxdur. İnsanmırsan ? Gəl yoxlayaq.
Əgər sən İtaliya da, Hollandiya da və ya hansısa bir digər avropa ölkəsində və o ölkənin ailəsində dünyaya gəlsəydin, sənin tanışlarından sırqa taxan da olacaqdı, şortik geyinən də, və sairələr də. Bu zaman təbii olaraq, bütün bunlara normal yanaşacaqdın, çünkü orada əksəriyyət buna normal yanaşır. Amma sən Azərbaycanda və Azərbaycanlı ailəsində dünyaya gəlmisən, yox falçı deyiləm, sadəcə hal hazırda bu yazını oxuduğun üçün belə düşünürəm. nəysə mövzudan yayınmayaq. Dediyim kimi, amma sən Azərbaycanda və Azərbaycanlı ailəsində dünyaya gəlmisən yaxşı eləmisən, necə diyərlər “yaxşı ki, varsan”. Sadəcə məsələ bundadır ki, sən burada doğulduğun üçün ölkədə daha öncələrdən olmayan şeylərə, yəni yeniliklərə tolerant yanaşmırsan, çünkü səndən öncəkilər də belə yanaşıblar və düşünüblər.
Bax məsələ də buradadır, yaxşı olardı ki, sən illərlə bu günlərə gəlib çıxmış şablon düşüncələrlə davranmayasan, özün hər şeyi araşdırasan, kitablar oxuyasan ki, səndə şəxsi və azad düşüncə yaransın. Bundan sonra sənin özünün pislə yaxşını ayırmaq qabiliyyətin formalaşacaq. Söyləmirəm ki, sən mütləq nələrəsə yaxşı baxmalısan və ya tolerant olmalısan, xeyir. Məsələ burasındadır ki, sən səndən öncəkilərin kopyası olmamalısan və qətiyyən səndən öncəkilərin yalnız doğru və ideal düşündüklərini hesab etməməlisən. Yəqin ki, keçmişdə cahillikdən və xurafatdan irəli gələn adətləri sadalamağıma ehtiyac yoxdur, bu əksəriyyətimizə bəllidir.
Nəyəsə mənfi yanaşırsan, doğru hesab etmirsən ? Belə yaxşı edirsən, öz işindir, vallah billah mən sənin məcburi şəkildə nəyəsə münasibətini dəyişməni istəmirəm, əksinə yazıda göründüyü kimi, insanların kiminsə fikirinə görə öz şəxsi seçimindən və düşüncəsindən əl çəkməyinin əleyhinəyəm. Nəyisə bəyənməməyin normaldır, ama bunu öz düşüncənlə et, camahatın düşüncəsi ilə yox. Axı sən fayıllar yüklənən məlumat daşıyıcı flash kart deyilsən, sən fərdsən və fərdi düşüncələrin, seçimlərin, istəklərin olmalıdır.
Ötən yazılarımdan birində qeyd etmişdim, və burada da yerinə düşür, “sürü halında hərəkət etmək qoyunlara məxsusdur”. Buna görə də, nəyisə bəyənməyəndə, doğru hesab etməyəndə, demə ki, ay nə bilim “bizim xalqa yaraşmır” “bizim mentalitet belə gəldi” “adətlərimiz belə getdi” və sairə. Axı nə qədər olar ? Küçədə keçirilən video sorğulara baxırsan, dəli olursan. Həqiqətən biyabırçılıqdı. Kimə baxırsan deyir, millət, xalq, camahat və sairə. Nəyisə bəyənmirsən, çox gözəl, denən ki, mən filan filan şeyləri filan şəxsi məntiqimə əsaslanaraq yanlış hesab edirəm. Bax bu zaman diyərəm halaldı, şəxsi fikiri olan insan. Amma sənə acı bir xəbərim də var, sən başqa bir şəxsin, sənin hüququnu pozmayan şəxsi seçiminə görə təhqir etmək üçün hansısa məntiqi əsas gətirə bilməyəcəksən, çünkü adı üstündə, “başqasının hüququnu pozmayan şəxsi seçimi” bu da o deməkdir ki, bunun başqa birinə adiyyatı yoxdur.Sən bu dünyaya təmiz ağ “vərəqlə” (beyinlə) gəlmisən, ola bilər müəyyən yaşa qədər sən müxtəlif düşüncələrlə yetişdirilmisən, bu normaldır. Amma artıq müəyyən və olğun yaşa çatdıqda, sən özün şəxsi azad fikir və məntiq formalaşdırmalısan. Unutma ki, vərəqi yazan qələm varsa, onu silən pozanda vardır. Sənin “pozanın” isə, kitabların, gördüklərini obyektiv və neytral analiz edən düşüncəndir.