Əgər sən sabah öləcəksənsə, deməli bu gün sənin həyatının son günüdür. Bəs sən bu son gününə qədər nələr etmisən? Və ən əsası, bu vaxta qədər sahib olduğun zaman ərzində istəklərinin hamısını reallaşdırmısan və ya reallaşdırmaq üçün nəsə etmisənmi ? Yoxsa hər hansısa bir istəklərin olduqda, ya tənbəllikdən ya da cəsarətsizlikdən onları təxirə salmısan ? Əgər təxirə salmısansa çox heyif, çünkü onları etmək üçün bəlkə də sənə verilən sonuncu gün idi.
Zaman – İnsan həyatının ən dəyərli və heç vaxtı məzənnəsi enməyən valyutası, əgər sən onu dəyərləndirməsən boşa xərcləsən, onu heç bir halda geri qaytara bilməyəcəksən, milyonlara sahib olsan belə. Zamanında min bir bəhanə ilə istəklərini gerçəkləşdirməsən, həyatını rəngarəng yaşamasan, biraz yaşın artan kimi, peşmançılıq hisslərin baş qaldıracaq, sənə rahatlıq verməyəcək. Hər dəfə söhbət düşəndə peşmançılıq hisslərini dilə gətirəcəksən ki, kaş o vaxtı filan istəyimi edərdəm, kaş o getmədiyim yerə gedərdim, çünkü bəzi şeylər var ki, onları indi etməsən yaşa dolduqda etmək daha da çətin olacaq, həm də indi etməyən adam yaşa dolanda da çətin bunu etsin.
İstəklərini həyata keçirmək üçün cəsarətləri və mübarizəkarlıqları çatmayan insanların çoxusu bir çox halda həyatdan narazı olurlar. Bu anlaşılan həm də anlaşılmayan haldır, ona görə anlaşılandır ki, insanın istəkləri həyata keçməsə təbii ki, o heç bir halda xoşbəxt ola bilməz. Ona görə anlaşılmazdır ki, bunun üçün insana əksər halarda kifayət qədər zaman və resurs verilir, insan isə ona verilən bu zamanı və imkanları dəyərləndirmir, dəyərləndirməməsi bir kənara min bir bəhanə gətirir, ilk addımı atmağa qorxur, cəsarətsizliyini ört basdır etmək üçün zamanını bəhanələr uydurmağa xərcləyir.
Unutma ki, sən yatağında uzanıb edim etməyim düşündüyün bir zamanda, başqaları sənin etmək istədiklərini və daha artığını edirlər. Çoxdandı etmək istədiyiniz ama hələ də etmədiyin şeylər varsa, bu səhər oyandığında onu etməyə başla. Tənbəlliklərini kənara at, cəsarətini topla. Bu gün sənin həyatının qalan hissəsinin ilk günüdür, amma unutma ki, hər gün sonuncu gün ola bilər.