Bu günlərdə İlkmedianın təqdim etdiyi “Axırıncı Yol” filmi kinoteatrlarda yayımlanmağa başladı. İlk növbədə onu deyim ki, filmi ərsəyə gətirənlərə heç bir iradım yoxdur, adamlar öz pulları və əziyyətləri ilə film çəkiblər və indi də yayımlayıb pullarını qazanırlar, bura qədər hər şey normal və qaydasındadır.
Mən məsələnin görünməyən tərəfindən bəhs etmək istəyirəm. Elan edildi ki, “Axırıncı yol”a meyli olan insanların istəklərini nəzərə alaraq, film rekord seans sayı ilə nümayiş edilməyə başlandı. Bakının bütün sinemalarında gün ərzində ümumilikdə 74 seansla. Yəni filmi izləməyə o qədər maraq və istək olub ki, seansların sayı artırılaraq rekord saya çatdırılıb. Adama təsir edən hətta filmin adı da deyil, adama o təsir edir ki, niyə məhs komediya janrında olan bir film belə bir rekord qırır ? Niyə düşündürən, marifləndirən, öyrədən filmlər və digər formatlarda olan bənzər mövzuları beş on nəfər izlədiyiyi halda, gülmək istəyənlərin sayı bu qədər çoxdur?! İndi düşünəcəksiz ki, Murad paxıldır, insanların gülməyinin əleyhinədir. Xeyir bu belə deyil, əksinə insanların gülməsi sevincli olması məni xoşbəxt edir. Burada məsələ düşündüyünüz qədər bəsit deyil, burada məsələ insanların incəsənətə və insan əməyinə dəyərin verilməsindən gedir.
Ola bilər ki, bu aralar ölkədə vəziyyət heç də ürək açan olmadığı üçün, insanlar gülməyə ehtiyac duyurlar, amma ölkədə baş verən hadisələrə və mövcud duruma baxanda gülməli çox şey tapmaq olar. Niyə görə youtubedə insanın ruhunu qidalandıran retro Azərbaycan mahnılarına 2-3 min baxışın olduğu halda, şəmi şöşü personaajlarının videolarına on minlərlə baxış gəlir ? Yəni insanımız bu dərəcədə sənətkara, düşüncəyə və dərin mövzulara önəm vermir ? Məsələ təkcə bu filmlə yekunlaşsa, heç bu yazını yazmazdım da, deyərdim oldu da, bir filmdi həqiqətən gözəldi və tutuzdurdu. Axı ölkədə əməyə və əsl sənətə dəyərin verilməməsi təkcə bununla yekunlaşmır. Facebookda Azərbaycalılar tərəfindən idarə olunan səhifələrə baxsaq, görünür ki, gülməli paylaşımlar edən səhifələrin reytinqləri, düşündürücü və marifləndirici paylaşımlar edən səhifələrin reytinqlərindən daha yüksəkdir. Lap tutaq ki, bu bütün dünyada belədir, amma bizdə bu marifləndirici və düşündürücü mövzuların güldürən mövzularla olan nisbət fərqi çox biyabırçı həddədir.
Çox gözəl istedadları və aktyorluq qabiliyyətləri olan gənclərdən ibarət “Oda” teatrı fəaliyyət göstərir, bir neçə tamaşalarını gedib canlı izləmişəm, hər dəfəsində çox amma çox gözəl performansın şahidi olmuşam. Lakin nə zaman baxıram tamaşalarına sadəcə 5-10 nəfər gəlir. Amma bozbaş adlı komediyanın adi çəkilişlərində izdiham olur, niyə ? Güldürürlər, düşündürmürlər ona görə ? Düşünməkdən bu qədərmi qorxursunuz ? Belə görürəm ki, bu da təhsilin aşağı səviyyədə və keyfiyyətsiz olması ilə əlaqəli bir amildir. İnsanlar nə qədər aşağı səviyyəli təhsil alırlarsa, bir o qədər bayağı şeylərə meyl edirlər və yüksək intelektual tələb edən şeylərdən uzaqlaşırlar.
Gülün əylənin, lazımdır! Amma arada düşünün, düşünün ki…
© Murad Məmmədov (Facebookda izlə)
Məndə o kinoya baxdım, maraqsız kino idi. Heyif sərf etdiyim vaxtdan.
Bəyəntərəfindən bəyənildi 1 şəxs