Bir dəfə məhəllədə idim, gördüm qonşu qadın məhəllə yoldaşlarımdan birindən hal əhval soruşduqdan dərhal sonra sual verdi ki, qardaşın gil necədir, arvadı hamilədir ? Yazıq uşaq utandığından qızararaq bildirdi ki, bilmirəm xəbərim yoxdur.
Mən və digər yoldaşlar hər zaman avropa mədəniyyətindən bəhs edəndə və avropalılardan götürüləsi çox şeyin olduğunu qeyd edəndə, orta və yaşlı nəsil həmçinin mental düşüncəli gənclərin ağlına dərhal soyunmaq və seks azadlığı gələrək başlayırlar onları pisləməyə və bu üsul ilə bir çoxu öz mədəniyyətsizliyini gizlətməyə və müdafiə etməyə çalışır. Lakin bu şəxslərdən bir çoxunun ağlına mədəniyyətlə bağlı, etika ilə bağlı digər məsələlər gəlmir. Məsələ burasıdadır ki, bu gün cəmiyyətimizin bir çox üzvü bir sıra etik davranışlara riayyət etmir və onlar kobud şəkildə pozur! Bunlar arasında ən geniş yayılmışlardan biri də, qarşı tərəfə heç də etik olmayan və kənardan mədəni görsənməyən sualların verilməsidir.
Məsələn az öncə qeyd etdiyim sual kimi. Bu gün hər hansısa bir cütlük ailə həyatı quran kimi, az qala toydan çıxıb yatağa girməmişdən onları tanıyan bir çox şəxsi maraqlandıran sual o olur ki, görəsən qadın hamilə qaldı ? Maraqlanmaqdan əlavə bütün nəsil, bütün var yox sanki Topaz da futbol oyununa hesab yazıb oyunun nəticəsini gözləyirmiş kimi gözləyirlər ki, görəsən xanım nə zaman hamilə qalacaq və elə ilk fürsətdə bu sualı onlara və ya onların yaxınlarına verirlər. Lakin bu olduqca xoş olmayan maraqdır, çünkü ola bilər ki, bu cütlüklərdə bir müddət uşaq olmur və qadın hamilə qalmır. Bu sualı onlara verməklə həm onları bu xoş olmayan birşey haqda danışmağa vadar edərək utandırmış və həmçinin onların şəxsi həyatlarına burnunuzu soxmuş olursunuz. Bu şəxslər sizin hər nə qədər yaxınınız olsa belə, etika mədəniyyət yaxşı şeydi və bu ən yaxınlarınızla ünsiyyət zamanı belə qorunmalı və riayyət olunmalıdır. Bu gün cəmiyyət arasında verilən qeyri etik suallar təbii ki bununla yekunlaşmır. Bunlar arasında: “Nə qədər maaş alırsan?” “O saqqalı niyə saxlayırsan” “O sırğanı niyə taxırsan” “O gün yanında gördüyüm qız nəyin idi” “Niyə evlənmirsən” Kimi onlarla yersiz və verilməməsi gərəkən suallar var.
Çox istərdim ki, bu gün insanımız avropada və oranın insanlarında xoşlarına gəlməyən şeyləri pisləmək və onları əxlaqsız adlandırmaq əvəzinə, bu tip etik davranışları mənimsəsinlər. Çünkü etika və mədəniyyət gözəllikdir, incəlikdir, xüsusən də bu bir başqası ilə ünsiyyət zamanı istifadə olunursa. Unutmamaq lazımdır ki, qarşı tərəfə verilən istənilən bir şəxsi və qeyri adekvat sual o qarşı tərəfi özünü narahat hiss edəcək bir duruma düşürə bilər ki, bunun da səbəbkarı bir başa siz və sizi maraqlandırmamalı olan suallarınız ola bilər. Nəticə etibarı ilə bir başqasını xoş olmayan duruma düşürmək mədəniyyətdən uzaq olan bir şey olduğu üçün, bu tip suallardan uzaq olmaq lazımdır, hətta ən yaxınlarınıza qarşı. Əgər kiməsə sizə maraqlı olan məqamlara dair danışmaq xoşdursa, inanın ki, o bunu sizin suallarınız olmadan da edəcək, yox əgər danışmırsa deməli bu suallar verilməməlidir. Sonda hər birimizə mədəni və etik bir cəmiyyət arzulayıram :)
© Murad Məmmədov (Facebookda izlə)