Çarlz Kolton deyir ki, “Həyatdan zövq almaq üçün qarşıya qoyulan bir məqsəd olmalıdır”. Mən də əlavə edərək deyirəm ki, “Məqsəd – Bizi istəklərimizə qovuşduran ən sürətli qatardır”
Bu gün böyükdən kiçiyə hər kəs nəsə istəyir. Demək olar ki, istəyi olmayan insan yoxdur. Fərqi yoxdur o birinci sinifə gedən uşaqdır, yoxsa təqaüdə çıxmış yaşlı. Hər kəs və hər kəs mütləq ki nəsə istəyir. Kimisi çoxlu pul, kimisi ailə səadəti, kimisi yüksək təhsil, kimisi uğurlu karyera. Arzular istəklər sonsuz və tükənməzdir. Lakin diqqət yetirsək bu gün heç də hər kəs istəklərinə çatmır, bunun isə bir səbəbi var: Hər kəs istəklərini məqsədə çevirmir. Çünkü istəklərin gerçəkləşməsi istək olaraq qaldığı müddətcə ya reallaşmacaq, ya da çox gec reallaşacaq. Belə olmasaydı bu gün hər kəs öz istəyinə rahatlıqla çata bilərdi, axı hər kəs nəsə istəyir…
Gəlin etiraf edək ki, bu gün içi mən qarışıq bir çoxumuz maddi baxımdan varlı olmaq istəyirik (utanma denən ki, belə bir istəyin yoxdur :D ) Bəs heç ağlınıza gəlibmi ki, varlı olmağı qarşıya məqsəd olaraq qoyasız ? Hə bilirəm bu bir qədər qəribə səslənir, təsəvvür elə soruşursan həyatdakı məqsədin nədir? Qarşındakı şəxs isə, təsil, karyera, pul əvəzinə deyir varlı olmaq. Amma əslində digər istəklərə çatmaq üçün ən effektiv vasitə məqsəd olduğunu nəzərə alsaq, varlı olmaq istəyini də gerçəkləşdirmək üçün qarşımıza varlı olmaq məqsədi qoymalıydıq, özü də lap ərkən yaşlardan. Amma heçnə üçün gec deyil. Əgər bu bizdə istək yox məqsəd olsaydı, biz elə uşaqlıqdan bizə verilən pulların bir hssəsini kənara qoyardıq, sonra müəyyən bir miqdar toplayıb banka əmanət olaraq yerləşdirərdik ki, çoxalsın, hər hansısa bir biznesə kiçik də olsa yatırım edərdik, uşaqlıqdan ən böyük məqsədimiz universitetə daxil olub, daha sonra orta maaşlı bir işdə çalışmaq yox, əlimizdə olan pulu necə daha da çoxaltmaq düşüncəs olardı. Amma biz bütün bunları etməmişik, çünkü varlı olmağı heç vaxtı qarşımıza məqsəd olaraq qoymamışıq, biz bunu sadəcə istəmişik.
Hiss edirəm ki, hazırda məqaləni oxuyanların bir çoxu artıq nələrisə anlamağa başlayıblar, bəli düz anlayırsınız! Bu gün istədiyiniz hər hansısa birşey varsa, zaman itirmədən onu qarşınıza məqsəd olaraq qoyun. Məncə balaca uşaqlar kimi sadəcə istəmək dövrünü keçmişik, artıq istəkləri gərçəkləşdirmək, gərçəkləşdirmək üçün isə qarşıya məqsədlər qoymaq və bu məqsədlər üçün hər gün bir az nəsə etmək zamanıdır. Gəlin sizə öz təcrübəmdən qısa olaraq bir nümunə çəkim. Mən təxminən 2013-cu ildən sosial mövzularda üzrə beynəlxalq layhiələrdə iştirak etməyə başlamışam. Bu layhiələr çərçivəsində ilk dəfə xarici ölkəyə göndərildiyim zamandan başlayaraq, ingilis dili öyrənmək istəyi yarandı məndə. Lakin bu gün 2016-cı ildir və mən hələ də ingilis dilini öyrənməmişəm və səbəb gün kimi aydındır. Səbəb odur ki, mən bu dili öyrənmək istəyimi heç bir zaman məqsədə çevirmədim. Elə hey dedim ki , ingilis dilini öyrənmək istəyirəm, hətta iki-üç dəfə başladım, bir ay filan hazırlaşdım, lakin hər dəfəsində yarımçıq qoydum, çünkü belə bir məqsədim yox idi, sadəəc istəyim var idi. Lakin illərdir kitab yazmaq istəyimi və düşüncələrimi 2015-ci ilin sonlarında qarşıma məqsəd olaraq qoydum. Çünkü bunu yazmağımı vacibləşdirən bir çox amillər varıydı ki, mən nə olursa olsun, bu kitabı yazmalı idim. Və bu səbəbdən özümə dedim, bu kitabı yazmağı qarşıya məqsəd olaraq qoyursan və bu məqsədə çatmaq üçün hər gün mütləq nəsə edirsən, məqsəd isə oyuncaq deyil. Məqsəd reallaşdırılması mütləq və vacib olan, eyni zamanda gün ərzində hər şeydən çox diqqət ayırmalı olduğunuz bir məsələdir, bunun oyan bu yanı yoxdur, məqsəddirsə bir mənalı şəkildə gərçəkləşdirilməli və gərçəkləşməsi üçün uğurunda mübarizə aparılmalıdır!
Və qarşıma belə bir məqsəd qoymağımdan cəmi 6-7 ay keçib, bu zaman kəsiyində mən həm kitabı yazdım, həm onun nəşrinə sponsor tapdım və artıq bu həftə fərdi inkişaf kateqoriyasında olan və çətinliklərə baxmayaraq uğur qazanmağın üsullarından bəhs edən “UĞURUN XƏRİTƏSİ” adlı kitabım mətbəədə çap olunmaqdadır. Bu bir mənalı şəkildə məqsədin gücüdür. Doğrudur məqsədə çatmaq üçün də görülməli olan işlər var, hansılar ki az öncə qeyd etdiyim kitabda onlar haqda da bəhs etmişəm, lakin məqsədin özünün qoyulması istəklərinizin gerçəkləşməsi üçün görülməli olan işin ən azı 50% dir. Hə növbədə deyəcəklərimi doğru təxmin edirsiniz, yaşınızdan cinsinizdən aslı olmayaraq istəklərinizin tez bir zamanda reallığa çevrilməsini və reallığa çevrildikdən sonra sizi sevincə qərq edərək təyyarə tək buludlar üzərində uçurmasını istəyirsinizsə, bu istəklərinizi bir-bir qarşıya məqsəd olaraq qoyun və komputerdə hansısa çox missialı oyunu oynayaraq bir-bir missiaları dəf etdiyiniz kimi, bu məqsədləri də tək-tək həll edin və istədiyiniz kimi yaşamağa, istədiyiniz həyatı qurmağa bir addım daha yaxınlaşın. Bilirəm məqsədi qoyduqdan sonra ona çatmaq heç də su içmək kimi asan deyil, lakin az öncə qeyd etdiyim kimi, həm məqsədi qoymağın özü ona çatmaq üçün görülən işin yarısıdır, həm də bunun üçün sizə bəzi ip ucları verərək işinizi asanlaşdıraq istəyirəm. Məqsədə çatmaq üçün bunları edin: Məqsədə çatmaq üçün həftəlik, aylıq və yarım illik planlama qurun. Hər gün nəsə edin, hətta çox xırda birşey olsa belə mütləq edin. Hər gün məqsədinizə çatdıqdan sonra yaşayacağınız həzzi düşünün və sairə. Çalışacağam ki gələcək yazılarımda məqsədə çatmaq üçün vacib olan şeylər haqda daha geniş bəhs edim. Hələlik isə sağolun salamat qalın və unutayın ki, məqsədsiz həyat duzsuz şorba kimidir, qarını doydurar, amma ləzzət verməz.
© Murad Məmmədov (facebookda izlə)