Keçən gün şəhərin “Torgovıy” adlanan ərazisində Mcdonalds tərəflərdə səkidə oturub dostumu gözləyirdim, yaxınlıqda isə cəzbedici geyimdə bir xanım əyləşmişdi.
Bir neçə dəqiqə sonra xanıma bir oğlan yaxınlaşdı, qısa şəkildə nələrsə deməyə başladı və etdiyi jestlərdən qızla tanış olmaq istədiyini anlamağım üçün Azərbaycan dilini bilməyimə belə ehtiyac qalmadı. Hə bu tipik azərbaycanlı gəncin qızla tanış olmaq üsulu idi. Qızın da jestlərindən aydın oldu ki, o bu tanışlığa şad deyil və oğlan bunu anladıqdan sonra sağolsun çox da şey etmədən uzaqlaşdı, lakin sonluq daha dramatik oldu. Çünki oğlan çıxıb gedəndən sonra çox da uzaqlaşmamışdı, elə o ərazilərdə fırlanırdı və qızın gözlədiyi yaraşıqlı adamın gəlib çıxmasının canlı şahidi olduğu an, 90+3 də qol buraxan qapıçının gözlərindəki kədəri gördüm o oğlanın gözlərində.
Danılmaz faktdır ki, Azərbaycanda oğlanların çox böyük bir hissəsi əks cinslə tanışlıq üçün əsasən iki üsuldan istifadə edirlər. Biri az öncə çəkdiyim nümunədəki formatda, ikincisi isə internet üzərindən, yəni sosial şəbəkələr və mesencerlər vasitələri ilə. Deyim ki, həmin oğlanlara xüsusi bir antipatiyam var, yox. Lakin heç dəstəkləmirəm də, çünki bu üsullar həm köhnəlib, həm də dərinliyə getsək, heç də etik deyil. Çünki yaxınlaşıb tanış olmaq üsulu ilə həm özünü, həm də qarşı tərəfi xoş olmayan duruma salmaq olar. Hə bilirəm, həmçinin, düşünəcəksiniz ki, burada pis nə var ki, xoşu gəlib yaxınlaşıb. Məsələ burasındadır ki, söhbət kimdənsə xoşun gəlib ayda ildə bir dəfə yaxınlaşmaqdan getmir, bu adamların tanışlıq üsulları yalnız və daim bu formadadır, yəni bildiyiniz həyat tərzləri belədir. İnternet vasitəsi ilə isə tanışlığa cəhd zamanı insanların internetdən rahatlıqla istifadə etmsinə mane olmuş, olacaqsız (təbii ki qarşı tərəf buna şərait yaratmadığı müddətcə). Ümumiyyətlə qeyd etdiyim hər iki üsula qarşı tərəfin fikirini bilmədən cəhd edildiyi üçün xoş olmayan nəticələrə səbəb ola bilmə ehtimalı böyükdür.
Gənclərimizin bir çoxunun bu gün daha sivil şəkildə yeni insanlarla tanışlığına mane olan amillərdən biri, gənclərin sosiallaşmaması və ya sosiallaşmağı yalnız sosial şəbəkələrdə olan dostlarının sayında görməsidir. Bir çox inkişaf etmiş ölkələrdə insanlar hər hansısa bir mühitlərdə tanış olurlar. Məsələn, müxtəlif təlimlərdə, seminarlarda, konfranslarda, təqdimatlarda, forumlarda, debatlarda və sairə. Məhz bu tip tədbirlər, yığıncaqlar insanların daha çox və daha mədəni sosiallaşmasına və ətrafının genişlənməsinə səbəb olur. Bilirəm, gecə yatanda da yuxuda qızla tanış olmaq haqqında düşünən oğlanlar bu dediklərimdən də elə nəticə çıxaracaqlar ki, bu tip tədbirlərə qızla tanış olmaq üçün getmək lazımdır. Amma mən bunu nəzərdə tutmuram, demək istəyirəm ki, sağlam və həqiqi sosiallaşmaq sayəsində hər bir kəsin cinsiyyətindən asılı olmayaraq dostlarının və tanışlarının sayı çoxalır. Sonra isə hansı tanışınızla hansı formada ünsiyyət qurmağa qərar verəcəyiniz də sizin özünüzdən və daxili aləminizdən asılıdır. Əsas odur, bu gün gəncliyimiz sosiallaşmağı öyrənsin, bütün günü ya evdə, ya da kafedə oturmaqla necə sosiallaşa biləcəyi (daha dəqiq desək necə kiminləsə tanış ola biləcəyi ) haqqında düşünməsin. Bunun əvəzində sahəsinə və ya marağına aid olan “yığıncaqlarda” iştirak etsin. Bu zaman həmin şəxsin həm insanlarla ünsiyyət qurma bacarığı yüksək səviyyədə olacaq, həm də digər üsullarla qızla tanış olmaq barəsində düşünməyəcək, çünki ətrafında kifayət qədər qız tanışı olacaq.
Siz zarafat edin, amma bu gün bir çox qızlarımızın da ərə getmək dərdinin səbəbi də sosiallaşmamasıdır. Bütün günü iş-ev, universitet-ev və ya sadəcə ev və ev rejimində həyat tərzi keçirən biri necə özünə gələcək həyat yoldaşı namizədi tapa bilər axı ? Küçədə yaxınlaşan oğlana da deyəcək “get anana bax bajına bax” , beləcə, olan qalan namizədi də öz əli ilə itələyəcək. Lakin heyif ki, bu gün əsas mövzu oğlanların qızlarla tanış olmasıdır, yoxsa bu haqda da geniş danışardım.
Beləliklə 5 illik ictimai fəaliyyət təcrübəmə əsaslanaraq tövsiyə edirəm ki, ətrafınızda kifayət qədər tanışlarınızın olmasını və virtual yox, həqiqi sosiallaşmağınızı, yəni tanışlıqlarınızın olmasını istəyirsinizsə, ya hər hansı bir ictimai fəaliyyətlə məşğul olun (bu hər kəsdə və hər zaman mümkün olmur), ya da mümkün qədər aktiv həyat tərzi keçirin və bunun üçün mümkün qədər müxtəlif tədbirlərdə (tədbirlərdə sözü demək istədiyimi tam ifadə etmir, yəni sosial və ya digər mövzularda olan fəaliyyətlərdə) iştirak edin. Bu zaman insanlarla kommunikasiya və yeni tanışlıqlar kimi probleminiz yox dərəcəsində olacaq və sizin kifayət qədər tanışınız olduğu üçün, başqa haradasa əks cinslə tanışlıq imkanı axtarmayacaqsınız, ətrafınızda olan xanımların sayı sizə kifayət edəcək ki, siz onların içindən öz dünyanıza uyğun birini seçəsiniz. Hər kəsə xoş tanışlıqlar diləyi ilə.
© Murad Məmmədov (Facebookda izlə)
əladır!) Sosiallaşmaq gənclərimizin prioritet məsələsi olmalıdır
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Düz söhbetdi. Küçede qıza yaxınlaşıb tanış olmağa çalışmaq mene göre xoşagelen üsul deyil, effektivliyi de aşağıdı. Sadece men utancaq biri olduğum üçün çox sosiallaşmıram ve sosiallaşanda da qızlarla tanış olmuram, ünsiyyet qurmaq isteyende oğlanlarla tanış oluram. Qızlarla tanış olsam da çox ünsiyyet qurmuram ve ünsiyyet mütemadi xarakter daşımır. Ona göre de esasen virtual tanışlığa üstünlük verirem. Meselen menim dostum debat yarışında iştirak etdi ve orda tanış olduğu qızla sevgili oldu.
BəyənBəyən