ÖZÜNƏ İNAMI ARTIRMAĞIN 4 ÜSULU

1. Səhv etdikdə özünüzü bağışlayın, heç kəs müqəddəs deyil.

Xanım dostlarımdan biri ilə belə bir hal baş vermişdi.  dostum var idi. Hər dəfə hiss edirdim ki, onda səbəbini bilmədiyim bir özünə inamsızlıq var. Nə zaman görüşsək, kefsiz olurdu. Heç nəyin onun üçün əhəmiyyət kəsb etmədiyini söyləyir, ən əsası özünü sevmirdi.Lakin bütün bunların səbəbini öyrənmək üçün onun üzərinə çox getmirdim. Onun bu durumunu müsbətə doğru dəyişməyə cəhdləri davam etdirərək, onu olduğu kimi qəbul edirdim. Bir gün o söhbət əsnasında hər şeyi mənə danışdı. Bir neçə il öncə bir oğlanla münasibət zamanı böyük bir səhvə yol verdiyini söyləyərək, hələ də özünü bağışlaya bilmirdi. Bu söhbətdən sonra hər şey mənə gün kimi aydın oldu. Onda olan özünə inamsızlıq və sairələrin səbəbi məhz bu idi: Onun özünü bağışlaya bilməməsi. Lakin bu nə qədər ədalətlidir? Etdiyin bir səhvə görə özünə və ətrafdakılara qarşı bu qədər haqsızlıqlar etmək yanlışdır. Özünü bağışlaya bilməmək zamanla insanda özünə biganəlik, ikrah hiss yaradır və bu ətrafındakılara da sirayət edir. Özünü sevə bilmədiyindən bu sevgini ətrafındakılara da ötürə bilmir.

İnsanın həyatı və ətrafında olan şəxsləri sevməsi üçün ilk öncə özünü sevməsi gərəkdir. Bunun üçün o etdiyi səhvləri özünə bağışlamalıdır. Səhvsiz insan yoxdur. Buna görə də, çalışmaq lazımdır ki, etdiyimiz səhvlərdən sadəcə və sadəcə nəticə çıxaraq, onu şişirib həyatımız boyu özümüzlə yük olaraq daşımayaq. Daha öncələrdən eşitdiyimiz məsəl olsa da, bu mövzu zamanı da xatırlamamaq olmur. Nümunə isə ondan ibarətdir ki, biz 1-kq  düyü dolu kiçik bir vedrəni əlimizlə bir dəqiqə ərzində havada saxlasaq, bu bizi narahat etməyəcək. 10 dəqiqə saxlasaq qolumuz bir az yorulacaq. Bunu 1 saat ərzində etsək, şiddətli ağrılar başlayacaq. Səhv etdiyimizi düşündüyümüz mövzular da belədir. Onları nə qədər çox yerə qoymayıb beynimizdə saxlasaq, bizi hər gün bir az daha çox incidəcək, özümüzü özümüzdən bezdirəcək. Baş verən hər bir şey cəmi bir saniyə sonra keçmiş olur. Keçmişi isə gələcəyə daşımaq yanlışdır. Gələcəyi isə qətiyyən keçmişə qurban vermək olmaz. Səhvlər nəticə çıxarıb olğunlaşmaq üçündür, qlobal problemə çevirib illərlə yas saxlamaq üçün yox.

2. Uğursuz olan siz deyilsiniz, sizin cəhdinizdir

“Mən uğursuzam”, “Mənim bəxtim yoxdur” və sairə bənzər cümlələri ətrafımızda olan bəzi insanlardan tez-tez eşidirik. Bəs bu həqiqətən də belədirmi? Məgər biz dünyaya “bəxtli”, “bəxtsiz” kateqoriyalarına bölünərəkmi gəlirik? Təbii ki yox! Sadəcə insanlar uğursuz cəhdlərini kimlikləri ilə əlaqələndirirlər. Əslində, uğursuz olan siz deyilsiniz, sizin cəhdinizdir. Əgər bu gün sizin vurduğunuz penaltı zərbəsi qapıya dəyməyib, ondan yan keçirsə, bu sizin zərbənizin uğursuz olmasını göstərir, sizin uğursuz olmanızı yox. Çünki  biz hər birimiz dünyaya ağ və boş səhifə olaraq eyni və bərabər gəlirik. Hər şey sonradan başlayır. Bizim böyüyüb boya-başa çatdığımız ətraf mühit, dostlarımız, yaşadığımız coğrafi məkan fərqli olur və bu fərqlilik psixologiyamıza, davranışımıza, həyat tərzimizə təsir edir. Biz minimum imkanlar mühitində dünyaya gəlmiş və yaşamış, lakin daha sonradan özündən başlamaqla milyonlarla insanın da düşüncə tərzini dəyişmiş şəxslər haqqında kitabları oxuyaraq buna əmin ola bilərik. Daha əlverişli olmayan yaşam şərtlərini özümüzə şamil edərək, “uğursuz” olmağımızı düşünməyə ehtiyac yoxdur. Bu əksərən cəhdlərə baxmayaraq, müsbət nəticə əldə etmyən zaman yaranır. İnsan təcrübəsizliyi və ya doğru etməməsi səbəbindən müvəffəq ola bilmədiyi zaman özünü “uğursuz” deyə damğalayır. Unutmaq lazım deyil ki, gün ərzində davamlı olaraq istifadə edilən sözlər və cümlələr onun özünü yaratdığı bu “həqiqət”ə inanmağa vadar edir. Özünüzə inamınızın aşağı səviyyəyə enməməsi və yüksək olması üçün, cəhdləriniz zamanı yaşadığınız uğursuzluğu kimliyinizlə əlaqələndirməyin, bu cəhdinizin uğursuzluğudur, cəhdlər isə növbəti dəfə uğurlu ola bilər.

3. Kiçik uğurlar qazanaraq.

İlkin olaraq, uğur qazanmaq ilə özünə inamın əlaqəsi çox paradoksal görünür. Reallıq isə odur ki, uğur qazanmaq özünə inamı artırır, özünə inam isə uğur qazandırır. Əvvəldə qarışıq görünən bu prosesin əslində məntiqi bir izahı var. Doğrudur, özünə inamı qazanmağın bir neçə üsulları var və məhz bu kitab da onlar haqda bəhs edir. Amma nəticədə məlum olur ki, bunun təməli kiçik uğurlardır. Onları qazanmaq isə çətin deyil. Bunun üçün sizin böyük uğurlar hesab etdiyiniz şeylərin kiçik modellərini reallaşdırmaq  və ağlınızda olan o böyük uğura çatmağınıza səbəb olacaq kiçik addımlar atmanız kifayətdir. Bunları etmək üçün isə sadəcə ən kiçiklərindən və bu gün edə biləcək gücdə olduğunuz şeylərdən başlamaq lazımdır. İnanın ki, kiçik uğurları psixoloji durumundan və pessimistlik dərəcəsindən aslı olmayaraq, hər kəs qazana bilər. Sadəcə və sadəcə ilk addımı atın və o kiçik uğurları qazanın. Məsələ burasındadır ki, insan hər hansı bir kiçik uğur qazananda, o daha da ruhlanır. Ard-arda davamlı uğur qazanan şəxsin özünə inamı dünyanın ən uca göydələnindən də yüksəklərə qalxır.

Məktəb illərində əksər fənlər üzrə qiymətləri iki olan tələbə ilə qiymətləri beş olan tələbənin universitet imtahanına hazırlaşarkən özünə inam səviyyəsi fərqli olacaq. Çünki birinin artıq kiçik uğurları var. Bu onun məktəbdə aldığı yüksək qiymətlərdir. Digəri isə təməlində kiçik uğurları olmayan, birdən-birə böyük və bu gün üçün real olması sual altında olan hədəfə doğru gedir. Bunun üçün ilkin olaraq kiçik hədəflər qoymaq lazımdır. Məhz bu kiçik hədəflər sizi böyük uğurlara daşıyacaq. Doğrudur, bəzən biz kiçik uğur ardınca getdiyimiz zaman özümüz də gözləmədən böyük bir uğur qazana bilərik. Yəni kiçik uğur ardınca getdiyiniz zaman böyük uğurun əldə olunmasında müsbətdən başqa birşey yoxdur. Məsələn, mənim həyatımda baş verən kimi. Mən uzun illər gəzə bilmədikdən sonra gəzməyə başladım, bu mənim üçün dünyaca məhşur  aktorların uğurlarının  pik nöqtəsi hesab edilən Oskar mükafatından daha böyük bir uğur idi və bu uğur səbəb ilə artıq on bir ildir ki, mənim daxilimdə olan özünə inamım dünya yaranandan bəri parıltısı azalmayan ulduzlar tək parıldayıb ətrafa işıq saçır. Elə bu gün, adi və bəsit olan, lakin sizin üçün uğurlu olduğunu düşündüyünüz şeyləri etməyə başlayın ki, sizdə özünə inam yaransın.

4. Motivasiya verici fərdi inkişaf kitabları oxuyun

Həqiqətən fərdi inkişaf və dahi şəxsiyyətlərin aftobioqrafiya kitabları insanın özünü tapmasına və həmçinin planlaşdırdığı məqsədlərə nail olmasına zəmin yaradır. Mən məktəb təhsili ala bilmədiyimdən, dərsliklərə elə də meyl, maraq göstərməmişəm. Hər şeyi həyatdan yaşayaraq öyrənməyə vərdiş etmişdim.

Mənim kitab oxumağa yanaşma tərzim 2014-cü ilin yay aylarında dəyişdi. Facebookda fan səhifəmdə bir xanımla tanış oldum.  Xanım bəyəndiyi bir oğlana “bütün ilk addımları kişilər atmalıdır” stereotipi səbəbindən etiraf edə bilmirdi. Yazdığım bir statusdan ilhamlanaraq, məndən nə edə biləcəyinə dair məsləhət almaq istəyirdi. Biz görüşmək və bu məsələni müzakirə etmək qərarına gəldik. Biz görüşdük və görüşün sonunda xanımın mənə çox möhtəşəm bir fərdi inkişaf kitabı hədiyyə etdi.

Görüşdən çıxıb şəhərin mərkəzinə dostumla görüşməyə yollandım və yolda avtobusda kitabı incələməyə başladım. Kitabın ilk səhifələrində yazılanlar diqqətimi çəkdiyi üçün onu oxumağa aludə olduğumdan məkana nə zaman çatdığımın heç fərqinə də varmadım.

Bundan sonra oxuduğum hər bir fərdi inkişaf və motivasiya kitabları mənim gücümə güc qatmağa başlamışdı. Günlərin bir günü mən kitab kafelərinin birində maraqlı bir fərdi inkişaf kitabına rastladım. Fasiləsiz 42 səhifəsini oxuduqdan sonra bu kitab məni heç bir alkaqollu içkinin coşdura bilməyəcəyi qədər coşdurub ruhlandırdı. Elə o kitab vasitəsi ilə mən ilk fərdi inkişaf seminarımı yazmağa başladım. Budur fərdi inkişaf kitablarının möhtəşəm gücü. Bu kitablar sizin həyatınızda bir bələdçi rolunu ifa edəcək. Fərdi inkişaf kitabları sizin daxili gücünüzü daha yaxından hiss etməyinizə səbəb olacaq. Bu səbəblə,  sizin özünüzə inamınız əvvəlkindən daha yüksək olacaq.

QEYD: Məqalədə yazılanlar ilk kitabım olan “Uğurun Xəritəsi” kiabından sitatlardır. Özünüzə inamı artıqmaq və çətinliklərə baxmayaraq uğur qazanmağın üsulları geniş şəkildə kitabda yer alıb. Kitabın qiyməti 5 azn dəyərindədir.

KİTABI ONLİNE SİFARİŞ ETMƏK ÜÇÜN TIKLA

© Murad Məmmədov (Facebookda izlə)

Murad Məmmədov - Uğurun Xəritəsi

“ÖZÜNƏ İNAMI ARTIRMAĞIN 4 ÜSULU” üçün 2 şərh

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma