AZAD YAŞAMAĞIN 3 ÜSULU (Sınaqdan keçirilib)

Azad olmaq – Bu insanın ruhunda var, çünkü insan azad olmaq üçün yaradılıb. Buna görə də daima azadlığa və müstəqilliyə can atır. Bəzən azad olmayan, tabeçilikdə, əsarətdə yaşayan birini görürsən və hər halından hiss edirsən ki, üzüntü içindədir. Hətta o şəxs özü üzüntüsünün səbəbini bilməsə də, sirr deyil ki,  üzülməsinə səbəb onun azadlığa can atan lakin əsarətdə yaşayan ruhudur. İnsan şuuru bunun fərqinə varmasa belə ruhu daima bunun fərqindədir, nəticədə insan azad olmadığı üçün fərqində olmasa belə üzülür.

Azadlıq anlayışı fərdidir, hər beyin bunu dərk edə bildiyi qədər təsvir və izah edir. Beyinlər və düşüncələr fərqli olsalar da, azadlıq anlayışının bir mənalı və dəyişilməyən sütunu var. İstəklərini gerçəkləşdirmək, başqalarının istək və zövqlərinə görə yaşamamaq. Azərbaycanda insanların azad və müstəqil yaşaması üçün kifayət qədər məhdudiyyətlər və bariyerlər var. Doğrudur tədricən cəmiyyətimiz xüsusən də yeni nəsil insanın azad olmadan xoşbəxt ola bilməyəcəyinin fərqinə varir və azad yaşamağa çalışır. Lakin bu proses hələ ki, asta sürətlə gedir. Azad və kimsədən aslı olmadan yaşamağın müxtəlif üsulları var. Bu dəqiqə həyatımda məni ən çox xoşbəxt edən amil, azad, müstəqil və kimsədən aslı olmadan yaşamağm və həyatımın sükanı arxasında özümün əyləşməyimdir. Buna müxtəlif üsullarla nail olmuşam, istərdim onlardan bir neçəsini sizinlə bölüşüm

1. Mənəvi azadlığınızı təmin edin

Yaşadığımız həyatda müxtəlif ehtiyaclarımız olur, bunlara hətta kiçik və çətinliklə olsa belə özümüzün edə biləcəyimiz şeylər daxildir. Məsələnin incə məqamıda məhs bundadır, özümüz edə biləcəyimiz şeylər. İnsan bacardığı qədər öz işlərini özü görməli və kimsəyə bu xırda şeylərə görə ağız açmamalıdır. Məsələ burasındadır ki, siz kimdənsə nəsə istəyəndə, avtomatik olaraq gələcəkdə həmən şəxsin də sizdən nəsə istəmə haqqı formalaşdırır, o şəxs sizdən gələcəkdə nəsə istəməsə də, belə bir ehtimal artıq formalaşır, bu isə sizin sevmədiyiniz bir işi görmə ehtimalını yaradır. Məsələn:

Siz bu gün azacıq çətinliklə olsa belə edə biləcəyiniz birşey var, lakin siz bunu özünüz etmir və etməsi üçün bir başqasından xahiş edirsiniz. Üzərindən 10 gün keçdikdən sonra kömək istədiyiniz o şəxs sizə deyir ki, gəl mənimlə jazz konsertinə gedək, siz isə jazza nifrət edirsiniz və bu musiqini dinlədiyiniz zaman özünüzü narahat hiss edirsiniz. Lakin siz yox deyə bilmirsiniz, çünkü özünüzü o şəxsə mənəvi olaraq borclu hiss edirsiniz. Adı birşeyə görə, hansı ki, o adı şeyi siz özünüz də edə bilərdiniz, lakin etmədiniz ondan kömək istədiniz və indi elə bir an çatıb ki, o şəxs sizdən sevmədiyiniz bir şey xahiş edir və siz də özünüzü ona mənəvi olaraq borclu hiss etdiyiniz üçün məcbur şəkildə o konsertə gedirsiniz. Hə ola bilər ki o konsert sizin bütün həyatınız boyu yox, sadəcə 2 saat davam edir. Lakin 2 saat olsa belə insan öz istədiyi kimi yox başqasının istədiyi kimi yaşadıqda, başqasının istədiyi şeyləri etdikdə özünü inanılmaz diskomfort hiss edir. İstisnalar hər zaman hər yerdə var və bu o demək deyil ki, siz ömür boyu kimdənsə nəsə xahiş etməməlisiniz. Xeyir, insanın insandan hansısa etaplarda nəsə xahiş etməsi və kömək istəməsi normaldır, ən azından hər birimiz insanlıq statusu daşıyırıq. Lakin maksimum çalışıb edə bildiyiniz şeyləri özünüz edin ki, ətrafdakı insanların da sizdən hər gün bir şey istəməyə mənəvi haqları olmasın və siz tez-tez istəmədiyiniz şeylərlə məşğul olmayasınız, bunun tam əksi olaraq hər gün yalnız istədiyiniz və zövq aldığınız şeyləri edərək müstəqil yaşamağa bir addım daha yaxın olasınız. Maddi və fiziki azadlıqla yanaşı mənəvi azad olmaq da çox amma çox önəmlidir. Bunun üçün elə bir həyat yaşamalısınız ki, daima mənəvi olaraq kiməsə borclu və dolayısı yol ilə azadlığınız məhdudiyyətləşməsin. Bu hissələri oxuyanda mütləq ki, ağlına valideynlərə olan mənəvi borcu xatırlayanlar olacaq, lakin heç oralara girməyin, o tamami ilə ayrı və uzun mövzudur. Əsas olan bu gün maksimum çalışıb və əgər bacarmırıqsa belə bacarmağı öyrənib öz işlərimizi özümüz görməliyik. Nəticədə biz çox yüksək bir mənəvi azadlıq hissi yaşayacağıq və bu digər azadlıqlarımızı da təmin etmək üçün güclü bir motivasiya olacaq.

2. Özünüzü doğruldun

Daha öncədən Azərbaycanda insanların azad yaşaması üçün məhdudiyyətlər var dedikdə, xüsusən də ailələrin basqısını nəzərdə tutmuşdum. Danılmaz faktdır ki, bizim bir çox ailələrimiz nəinki övladlarının azadlıqlarını məhdudiyyətləşdirirlər, hətta bu azmış kimi onlara öz yaşadıqları həyat tərzini yaşamalarına məcbur edirlər. Mən bu cür ailələri iki hissəyə bölərdim: 1 – övladından az qala nəfəs alanda belə icazə almağı tələb edənlər. 2 – çox elementar şeylərdə azadlıq və şəxsi seçim imkanı verib, lakin həyatının önəmli hissələrini idarə edən və öz istədikləri kimi yaşamağa məcbur edənlər. Əgər siz 1-ci qrupa aid olan ailədə doğulmusunuzsa, vallah belə beyninizi doldurmaq kimi də çıxmasın, mən belə ailədə doğulsaydım onları cəzalandırmaq üçün o evi təkr edərdim. Çünkü əgər mən həyatımın ən dinamik ən rəngarəng dövrlərinin hər saniyəsini hər dəqiqəsini basqı altında keçirəcəyəmsə, nəyimə laızmdır qocalanda əlimdə pult tv önündə oturub azad olmaq ? Amma yenə də özünüz bilən məsləhətdir. Yox əgər 2-ci qrupa aidsinizsə, sizə məqalənin başlığına uyğun olaraq 2-ci üsulu təklif edirəm: Özünüzü doğruldun!

Təsəvvür edin məktəbə və ya universitetə gedib gəlirsiniz, lakin ortada birşey yoxdur, qiymətlər bərbad, qayıblar da ürəyin nə qədər istəsə. Bütün bunlardan əlavə maddi baxımdan hər qəpiyinə kimi ailədən aslısınız, heç bir aletrnətiv fəaliyyətiniz və uğurlarınız yoxdur. Siz belə bir həyat tərzi yaşamağa rəğmən ailənizdən azadlıq gözləməyiniz, gecə saat 12 də günəşin doğuşunu gözləmək kimi birşeydir. Əgər ailə tərəfindən qoyulan qadağaların basqıların azalmasını istəyirsinizsə, özünüzü doğrultmağa çalışın. Necə deyərlər “xeyirsiz övlad” statusundan çıxın :) Yəni dərslərinizə önəm verməsəniz belə, çalışın əvəzində avaraçılıqla yox faydalı bir işlə məşğul olun. Bunun üzərinə madddi aslılığınızı da müəyyən qədər azaltsaz olar əntiqə. Həqiqətən də özünüzü bir Azərbaycan ailəsinin özü də basqıcı bir ailə başçısının yerinə qoyun və qeyd etdiyim obrazda olan bir övladınızın gəlib sizdən azadlıq və şəxsi seçim tələb etməsini təsəvvür edin. Belə bir övlada azadlıq verərdiz ? Hə verərdiz, elə mən də verərdim, çünkü biz indi yeni dövrü və zəmanəni yaşayırıq və düşüncələrimiz daha musair daha yenilikçi və daha dünyagörüşlüdür. Lakin keçmiş nəslin bir nümayəndəsi belə bir övlada qətiyyən şəxsi seçim və azadlıq verməz. Ona görə də çalışın bir işə yararlı olun, demirəm valideynlərinizin istədiyi sahələrdə, yox. Ən azından öz sevdiyiniz sahələrdə müəyyən uğurlar qazanın, öz ayağınız üzərində durmağa ən azından cəhd edin ki, ailə daxilində özünüzü müəyyən qədər doğrultmuş olasınız və ailədə sizə olan qadağalar azalsın.

3. Fərdi inkişaf, fərdi inkişaf və yenə də FƏRDİ İNKİŞAF!

Çıxışlarımın birində indi unutduğum və mənə ünvanlanan suala belə bir cavab vermişdim: “Mən bu gün evsiz və işsiz də qalsam, qətiyyən təşvişə düşüb özümü itirmərəm və bir çoxunun olduğu dərəcədə narahat olmaram, çünkü mənim bacarıqlarım və güclü xüsusiyyətlərim var”

Hər bir yeniyyetmə və gənc və ümumiyyətlə hər bir yaşda olan şəxs özünü inkişaf etdirməlidir. Özünü inkişaf etdirməlidir ki, br gün çətinliyə düşəcəyi zaman arxalana biləcəyi ilk şəxs özü olsun. Heç kəs bu gün oturub gözlətməməlidir ki, kimsə gəlib qapını döyəcək deyəcək “salam, mən insanların yalnız özünü düşündüyü bir zamanda gəlmişəm səni düşünüb sənə nəsə öyrədim ki, sən gələcəkdə azad yaşaya biləsən” Əgər aranızda evdə oturub belə birini gözləyən varsa məqalənin davamını oxumasın, çünkü böyük bir xəyal qırıqlığı yaşayacaq və çünkü yoxdur belə biri! Siz bu gün azad yaşamaq istəyirsinizsə, çalışıb özünüzü inkişaf etdirməlisiz xüsusən də, maddi baxımdan sizi azad edəcək bacarıqlara yiyələnməlisiniz. Azad yaşamaq elə bilirsiniz asandı ? Əgər bu qədər asan olsaydı hər kəs azad olardı. Və ya insanın yenicə yarandığı dövrlər olsaydı onda hə, doğulan kimi azadlığın ləzzətini elə uşaqlıqdan bütün vücudumuzda hiss edərdik. İndi kapitalizmin höküm sürdüyü bir zəmanədir, siz bu gün işdən çıxsanız ailənizdən aslı olacaqsınız, ailənizdən ayrılsaz bir başqa tanışınızdan dostunuzdan aslı olacaqsınız. Razıyam azadlıq və müstəqillik tək pulda deyil, amma baxır biz hansı azadlıqdan danışırıq. Biz nöqtəsiinə vergülünə qədər azadlıqdan danışırıqsa, gərək hər şeyi nəzərə alaq. Azadlıq – Küləkli bir havada küçədə qulaqcıq qulağında Sam Brookes – Numb (Phaeleh Remix) mahnısını dinləyərək gəzərkən, həmən gecəni yemək yeməyinin də – ac qalmağının da, gecəni gedib isti bir yerdə yatmağının da – səhərə qədər evə getməyib küçədə gəzməyinin də öz əlində olmasıdır bəzən.

Fərqi yoxdur hansı dərəcədə, əgər ağlınızdan azad yaşamaq və müstəqil olmaq keçirsə, məktəbin və çalışdığınız müəssisənin sizə öyrətdikləri ilə kifayətlənməyin, fərdi inkişaf sayəsində özünüzü maksimum inkişaf etdirin, müxtəlif bacarıqlara və mənəvi olaraq güclü olmağa öyrədin. Bu sizin azadlığınızın qarantisidi! Və unutmayın, bu gün siz istər fiziki, istər maddi istərsə də mənəvi olaraq azad və müstəqil deyilsinizsə, bu ömür boyu azad və müstəqil ola bilməyəcəyiniz anlamına gəlmir. Hər şey insanın öz əlindədir!

© Murad Məmmədov (Facebookda izlə)

Murad Məmmədov - Uğurun Xəritəsi
Mən nə dahi nə də ideal biriyəm, mən sadəcə müxtəlif çətinliklər yaşamış və bunların öhdəsindən gəlib və gəlməkdə olan cümlə mühəndisiyəm.

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma