Məncə bu şəxsi tanımayan insan onun ayaqlarını itirməsindən daha çox şey itirib. Oskar Pistorius 22 noyabr 1986-ci ildə Cənubi Afrikanın Johannesburg regionunda dünyaya gəlib. Doğulduğu andan etibarən, heç müəyyən yaşa çatmadan öncə artıq onun çətinlikləri başlayıb. Oskarın hər iki ayağında topuq sümükləri yox idi. Amma o da bu həyat yolunu mübarizə apararaq, uğurlara nail olmuşlar kimi yaşamağa başlayıb. Dünyaya gələndən topuq sümükləri olmadığı üçün on bir yaşında hər iki ayağı dizdən bir qədər aşağı hissədən amputasiya olunaraq kəsilir. Bu səbəbdən onun yaşadığı həyat mənə çox da yad deyil. Onun hansı çətinliklərlə və problemlərlə rastlaşdığını təsəvvür etmək heç də çətin deyil. Oskar Pistorius heç vaxt həyat qarşısında təslim olmaq niyyətində olmayıb. Yaşıdları kimi o da adi məktəbə gedib, qaçış və reqbi kimi idman növləri ilə fəal şəkildə məşğul olmağa başlayıb. O hətta idmanla daha sıx məşğul olmaq üçün universitet dərslərinə gec-gec qoşulurdu. Başlanğıcda ayaqlarının olmayan hissəsini əvəzləmək üçün protezlərdən istifadə edirdi. Sonradan idmanın qaçış növü ilə peşəkar məşğul olmağa başlaması səbəbindən ayaqlarının olmayan hissəsini əvəzləmək üçün protezə bənzər dəmir qurğu hazırlatdırır. Bu qurğu vasitəsi ilə o qaçış üzrə heç də digər marafonçulardan geri qalmırdı.
Pistorius dəfələrlə ölkə və dünya səviyyəsində keçirilən yarışların qalibi və mükafatçısıdır. Mən bütün bu yarışları sadalamaq istəmirəm. Ancaq onun ən böyük qələbəsini qeyd etməmək mümkün deyil. O heç kəsin ağlına gəlməyəcək bir qərara gəlir və 2012-ci il London Olimpiadasında iştirak etmək niyyətinə düşür. Bəli, heç bir əlilliyi olmayan insanlarla eyni yarışda, çiyin-çiyinə qaçmaq. İlk olaraq, aidiyyatı idman qurumu ayaqlarında olan qurğunun ona əlavə sürət verəcəyini iddia edərək ona icazə vermir. Lakin Oskar yüksək əzm göstərərək, apellyasiya məhkəməsinə müraciət edir. Aparılan araşdırmalar və testlər nəticəsində ona 2012-ci il London Olimpiyadasında iştirak etmək icazəsi və lisenziyası verilir. Və budur, Oskar əlilliyi olmayan insanlarla eyni yarışda rəqib kimi yarışmaq şansı qazanan planetin ilk əlilliyi olan idmançısına çevrilir. O hətta bu yarışın ilk mərhələsində ikinci yerə çıxaraq yarımfinal mərhələsinə vəsiqə qazanır.
Bu inanılmaz super güc və iradə nümunəsi olmaqla yanaşı, hər bir kəsi yuxudan ayıltmaq üçün bir siqnaldır. Oskarın bu uğuru – dizdən aşağı ayaqları olmayan şəxsdən dünyaca məşhur idmançıya çevrilməsi bir daha onu göstərir ki, baryerlər hansısa resurslara sahib olmamaqda deyil, beyinlərdədir. Əgər o Londonda 400 metrlik məsafəni 45.44 saniyəyə qaçırsa, deməli, hər iki ayağı qaydasında olan şəxs, günlərlə arzuları və məqsədlərinin ardınca qaçaraq onlara çata bilər. Hər şey bir kənara, gəlin biraz məntiqlə düşünək. Bir adam qaçmaq üçün ayaqlara sahib olmadığı halda, mübarizə apararaq, buna nail olursa, hər hansı bir istəyi uğrunda mübarizə aparmaqda lazımlı olan resurslara sahib olan şəxs niyə bunu edə bilmir? Əgər istəklərə resurssuz da çatmaq mümkündürsə, niyə insan bunu əlçatmaza çevirməlidir? Cavab bir dəqiqədə neçə saniyənin olduğunu bilmək qədər bəsitdir. Kifayət qədər mübarizə aparmadığı üçün. Baxın, mən sizə real nümunə çəkirəm və mübarizə apararaq, düşündüyünüzdən daha böyük uğurlar qazana biləcəyinizə dair dəlil gətirirəm. Heç xoşlamadığım bir şey kiməsə təsəlli verərək, onu motivasiya etməkdir. Bəzən insanlar bundan tez-tez istifadə edirlər. Onlar hətta mən çəkdiyim nümunəni bu formada izah edərdilər: “Bax, onun dizdən aşağı ayaqları yoxdur. Sənin ayaqların qaydasındadır. Ona bax, bu gününə şükür et!” Amma mən bu kimi məntiqsiz motivasiyalardan uzağam, mən sizlərə daha məntiqli nümunələr göstərmək istəyirəm. Çünki kiminsə sizdən daha çətin bir durumda olması, sizin onun qədər çətin durumda olmadığınız üçün bu günki çətinliyinizə şükür etmək yersiz və məntiqsizdir. Kiminsə problemi varsa, bu o anlama gəlməməlidir ki, sizin də olmalıdır. Amma kimsə sizin sahib oduğunuz resurslardan daha azına sahib olmasına baxmayaraq, sizin qazandığınız uğurlardan daha böyük uğurlar qazanırsa, bu artıq həyəcan tədbiri siqnalının çalınması deməkdir.
Bu artıq SOS siqnalıdır! Bu o deməkdir ki, siz fil qulağında yatmısız. Bu o deməkdir ki, siz daha artığını edə biləcəyinizin tamamilə real olduğu bir zamanda, hələ də “mən edə bilmərəm”, “mümkün deyil” deyirsiniz və bu gülməlidir. Mən qəbul edirəm ki, hər bir insanın həyatında dizlərini yerə qoyub “həyatı dayandırın, mən düşürəm” hayqırmaq istədiyi anlar olur. Mənim də həyatımda belə anlar az olmayıb. Və həqiqətən də, bəzən elə hallar olur ki, bizim bu gün etmək istədiklərimiz demək olar ki, qeyri-mümkün olur. Belə hallarda mütləq və mütləq xatırlamaq lazımdır ki, bu gün reallaşdıra bilmədiklərimizi sabah edə bilərik və bunun üçün tam gücümüzü ortaya qoymaq lazımdır. Bu gün olmursa, sabah da olmayacaq anlamına gəlmir. Həyat bu gündən ibarət deyil. Bu gün alınmayacaq bir şey üçün bütün günü ağlamaqdansa, əlimizdə olan bu günümüzü istəyimizin sabah reallaşması üçün xərcləməliyik, nəinki ağlamağa. Əks halda heç sabah da alınmayacaq. Mənim istəyim insanların öz güclərindən və nələrə qadir ola biləcəklərindən xəbərdar olmalarıdır. Ağlınıza gəlməyəcək qədər güclü olmağınızı əyani şəkildə görmək istəyirsinizsə, istəklərinizi həyata keçirmək üçün davamlı və tam qüvvə ilə mübarizə aparın. Özünüz özünüzü təəccübləndirməyin tam da zamanıdır!
QEYD: Məqalədə yazılanlar ilk kitabım olan “Uğurun Xəritəsi” adlı ilk kitabımdan olan sitatlardır. Kitabda özünüzə inamı artıqmaq və çətinliklərə baxmayaraq uğur qazanmağın üsulları geniş şəkildə yer alıb.
Kitabı sifariş etmək üçün 055 650 99 58 whatsapp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin satış ünvanları:
– KitabEvim.Az kitab mağazası
(Nəsimi r.,puşkin kün,32a. 28 may M.stansiyası
və Səməd Vurğun bağının ortasında)
– Kibrit Book Cafe
(”Tarqovıy” Xəqanı ticarət mərkəzi yaxınlığı,
FHN su ehtiyyatları agentliyi ilə üz-üzə. Rəsul Rza 28k)
– Il Futuro Book Cafe
( İslam Səfərli 25A )
© Murad Məmmədov (Facebookda izlə)