Mükəmməlliyin pik nöqtəsi yoxdur, insan daima özünü inkişaf etdirməlidir.
Ötən ilin sonlarına yaxın uzun illərdir fəaliyyət göstərdiyim “Müstəqil Həyat” təşkilatının rəhbəri Aydın Xəlilov mənə bildirdi ki, “Bank of Baku”nun “Məhdudiyyətlərə Meydan Oxu” adlı layihəsi başlayacaq və hər mövzu bir həftə davam etməklə dörd mövzuda təlimlər keçiriləcək üstəlik bizim təşkilat da layihənin tərəfdaşlarından biri olacaq və mənim layihədə iştirak edib etmək istəmədiyimi soruşdu. Mən də insan hər nə qədər uğur qazansa belə daima özünü inkişaf etdirməyə davam etməli olduğunu düşündüyüm və bildiyim üçün iştirak etmək istədiyimi bildirdim. Beləcə təlimlərə başladım. Yaşadığım ərazi “Yeni Günəşli” olmasına və təlimlərin keçiriləcəyi məkanın yaşadığım evdən kilometrlərcə uzaqda olamsına baxmayaraq, küləkli yağışlı havada 2 avtobus dəyişərək hər gün təlimlərə gedirdim.
Ehtimal varsa mümkün də ola bilər.
Düşünürdüm ki, bu layhiə də daha öncə digər qurumlar tərəfindən həyata keçirilən digər tədbirlər kimi “Bu sahədə nəsə etdik” görüntüsü yaratmaq üçün görülən və iştirakçıların həyatında hər hansısa bir ciddi sosial dəyişikliyə səbbəb olmayacaq tədbirlərdən biridir, daha dəqiq desək sadəcə təlimlər keçiriləcək və qurum bununla da öz missiyasını çox yüksək hesab edərək layhiəni başa vuracaq. Lakin istisnaların hər zaman hər yerdə olduğunu da xatırlayaraq, əksinin də baş vermə ehtimalı olduunu başa düşürdüm və buna görə də təlimlər zamanı maksimum çalışır özümü ən yaxşı tərəfdən nümayiş etdirməyə çalışırdım. Və belə gətirdi ki, dörd həftəlik təlimlər zamanı ən sonuncu olan “Məlumat Mərkəzi (Və ya “Çağrı Mərkəzi” ) Təliminin imtahanlarını digər mövzuda olan təlimlərin imtahanından daha yaxşı verdim, yəni həm iştirakım həm də imtahan nəticələrim kifaət qədər yaxşı oldu və hər şey də bununla başladı. Təlimlər bitikdən bir neçə gün sonra böyük bir tədbir keçirildi, tədbir zamanı layihə iştirakçıları olan əlilliyi olan şəxslər üçün Azərbaycanda ilk dəfə olaraq karyera yarmarkası təşkil edildi və tədbirin sonunda layhiə iştirakçıları dörd həftəlik təlimlərdə iştirak etdikləri üçün sertifikatllarla mükafatlandırıldılar və ən sonda gözlənilmədən 38 nəfər iştirakçıdan ikisinə “Bank of Baku”dan iş təklifi elan edildi və o iki nəfərdən biri mən oldum. Həyəcan və məsuliyyətin gərginliyindən həmən an ətrafda deyilənlər və keçirdiyim hisslərin demək olar ki, heç birini xatırlamıram, lakin əsas məsələni dərk edirdim. Mən ölkənin ən böyük banklarından birindən iş təklifi almışdım.
Özünə inam və mübarizə olduğu halda uğurlu nəticə qaçılmazdır!
2015-ci ilin dekabr ayının 4-ü ilk iş günüm oldu. Ofisə daxil oldum və gördüm heç kəs yoxdu, demişdilər ki hər kəs nahardadır, mən də təəcjüblənərək soruşmuşdum ki, “aa, saat 4-də də nahar fasiləsi olar?” Bir də gördüm bütün kollektiv “süüpriz” deyərək ortaya çıxdılar, bütün zal bayram əhval ruhiyəsi oyadacaq şəkildə bəzədilmişdi. Həmən zaman da çox utandığım üçün heç bir reaksiya verə bilməmişdim.
15 yaşına qədər gəzə bilmədiyi üçün məktəbə getməyən,məktəb oxumayan adam necə bankda işləyə bilər ?
Bax beləcə :) Mənim etdiyim kimi, işə qəbul olduqdan sonra çağrı mərkəzində telefon bankçılıq bölməsində yəni qaynar xəttimiz olan 145-ə gələn zəngləri cavablayıb bankın bütün tarif və xidmətləri haqda məlumat vermək vəzifəsində çalışmağıma baxmayaraq, ilk ayı sadəcə izləmək və dinləmək lazım idi, çünkü müştərilərə telefonda və xüsusən də bank sektorundə xidmət göstərmək asan məsələ deyil, bu səbəbdən ciddi hazırlaşmaq və öyrənmək lazım idi. İlk ayı az qala ətrafda nələrin baş verdiyini anlaya bilmirdim. Durmadan onlarla zəng gəlir və onlarla xanım əməkdaş bu zəngləri cavablayır və başa düşmədiyim terminlərdən istifadə edərək başa düşmədiyim məlumatları verirdilər. Bəzən bunu bacara bilməyəcəyimi və nə qədər gec deyil geri çəkilməli olduğumu düşünürdüm. Sonra da özümə “axı sən bu vaxta qədər mümkünsüz hesab edilən işləri reallaşdıraraq inanılmaz uğurlar qazanmısan, niyə görə də bunun öhdəsindən gəlməyəsən?” sualı verərək öyrənməyə davam edirdim. Natamam orta təhsilimin olmasına baxmayaraq hər gün saatlarla bank haqqında qanunları, bankın tariflərini və xidmətlərini öyrənirdim və mütamadi olaraq öyrəndiklərimə dair imtahanlar verirdim, imtahanların nəticələri müdürümlə yanaşı özümü də təəcjübləndirirdi : ) Yəni kifaət qədər ürək açıcı nəticələr olurdu. Bir ay bitdi və telefon zənglərinə cavab verməyə başladım.
Bir ildə nə baş verdi ?
Bu gün mənim “Bank of Baku” da çalışmağımın üzərindən bir il ötür. Həqiqətən nə zamansa düşünsəm ağlıma belə gəlməzdi ki, mən bank sahəsində bir il çalışacam. Doğrudur bu vaxtda qədər müxtəlif qurumlarda dolayısı yol ilə olsa belə müştərilərlə ünsiyyətdə olan vəzifələrdə çalışmışam. Lakin bu dərəcədə davamlı və bu cür ciddi bir sahədə, nə yalan deyim yuxumda görsəm belə gülərdim. Çünkü bu işə başlamamışdan əvvəl hər hansısa bank ilə demək olar ki, yaxından uzaqdan bir əlaqəm olmamışdı. Bu da bir daha onu göstərir ki, insan öz üzərində davamlı olaraq çalışsa, mümkünsüz görünən bir çox şeyi belə mümkün edə bilər. Bu bir il ərzində bir neçə dəfə müştərilərdən ünvanıma təşəkkür müraciətləri etməkləri ilə yanaşı, onlarla birlikdə sözün bir başa mənasında həm güldüm, həm ağladım, həm də əsəbləşdim. Çağrı mərkəzində çalışmaq mənəvi və psixoloji olaraq çox çətin və yorucu bir işdir. Bildiyim qədəri ilə dünyanın ən çətin peşələri sırasında üst pillələrdə yer alır. Məhs bankın məlumat mərkəzində çalışmağın özünə məxsus çətinliyi ondan ibarətdir ki, digər məlumat mərkəzlərində əməkdaşın hər hansısa bir səhvə yol verməsi müştərinin müxtəlif itkilərinə yol açacağı zaman, bank sahəsində bankın mütərilərə təqdim etdiyi məhsulların özü də bir başa pul olduğu üçün, burada əməkdaşın yol verəcəyi istənilən bir səhv, 98% hallarda müştərinin əlavə pul itkisinə səbəb ola bilər. Bu da çox pisdir, çünkü insanların indiki zəmanədə ən çox ehtiyacı olan və dəyər verdiyi elə puldur.
26 xanım arasında yeganə bəy olmaq.
Belə alınıb ki, işə başladığım gündən bu günə qədər “Məlumat Mərkəzi” şöbəsində çalışan əməkdaşlar arasında yeganə bəy mənəm, qalan bütün əməkdaşlar xanımlardır. Doğrudur ötən ildən bu günə qədər onların cəmi bir neçəsi hazırda bizimlə olmasa belə, bu mövcud durumu dəyişməyib, yənə də ətrafımda yalnız xnaımlardır. Bunun özünə məxsus xoş və acınacaqlı mıqamları var. Xoş odur ki, yeganə bəy sənsən və buna görə bəzən xüsusi diqqət görürsən. Acınacaqlı tərəfi ondadır ki, gecə evdə futbola baxırsan və səhər işə gələndə deyə bilmirsən ki: “Gördüüüz Qarabağ dünən neylədiii? Hələ Reynaldonun vurduğu o qolu demirəm” Deyə bilmirsən qardaş, çünkü səhər işə gələndə görürsən ki, əməkdaşlar yalnız kosmetikadan və geyimdən danışırlar, sən də qalırsan ki, görəsən mən də kosmetika filan istifadə etməyə başlayım ki, xanımların bu söhbətinə qoşula bilim :D İşə yeni-yeni başlayanda hərdən mənə elə gəlirdi ki, gecə çox içmişəm və yanlışlqla qadın məclisi keçirilən bir məkana daxil olmuşam, sonradan anladım ki yox bu sadəcə çalışdığımız məkanda heç bir qadağa və sairə olmamasına rəğmən çalışdığım yerdə məndən başqa bəy əməkdaşın olmamasıdır. Açığı indi düşünürəm ki, məndən başqa bir bəy əməkdaş bizimlə çalışmağa başlasa, az da olsa içimdə qısqanclıq hissi yaranar, çünkü artıq öyrəşmişəm “birdənə” olmağa, şöbəmizin xanım əməkdaşları kimi! :)
İşə başladığım gündən bu günə qədər, işə adaptasiya olmağımda və işdəki mövqeyimin möhkəmlənməsində göstərdikləri dəstək üçün başda bankın Rəhbərliyi və idarə heyyəti olmaqla, Deportament direktorumuz Nicad Bağırova, şöbə müdürümüz Vüsalə Abbasovaya, reklam və ictimaiətlə əlaqələr deportamentinin direktoru Nigar Tahirova və əməkdaşı Gülşən Cumayevaya və həmçinin “Məlumat Mərkəzi” şöbəmizin bütün əməkdaşlarına sonsuz təşəkkürlərimi bildirirəm!
Mən bilmirəm bundan sonra “Bank of Baku”da nə qədər çalışacam və bundan sonra ümumiyyətlə nələr baş verəcək. Lakin bundan aslı olmayaraq, geridə qoyduğum bu bir il bir tarix idi, unudulmaz və xoş tarix. Və bu tarıx “Bank of Baku” ilə birlikdə yazıldı.
Qeyd: Həmçinin “Bank of Baku” müəllifi olduğum “Uğurun Xəritəsi” kitabımın maliyyə dəstəkçisidir.
© Murad Məmmədov (facebookda izlə)