26 yaşlı uşaqın “Şaxta Baba”ya yazdığı məktub

Salam Şaxta Baba! İlk növbədə yazaraq sənə təşəkkür etmək istəyirəm ki, bir çox saqqallılar kimi, bizə nəsə vermək üçün əvəzində bizdən nələrsə tələb etmirsən.

Mənim adım Muraddı, 26 yaşım var. Yanılmıramsa 8-9 yaşlarımda da sənə bir neçə dəfə məktub yazmışam, amma o vaxtlar səndən yalnız müxtəlif çeşidlərdə şokoladlar istəyirdim. Və mən çox istərdim ki, bu məktubumda da səndən yalnız və çoxlu şokolad istəyim, amma çox təəsüf ki, böyüdükcə anlayırsan ki, hər şey şokoladla bitmir. İstəklərim o qədərdir ki, səndən nə istəyəcəyim haqda neçə gündür düşünürəm. Və qərara gəldim ki, mən bu məktubda özüm üçün heçnə istəməyəcəm, onsuz da öyrəşmişəm 17 yaşımdan bu yana hər şeyi özüm tək başıma əldə etməyi.

Mən başımın çarəsinə birtəhər baxaram, sən ondansa fələstindəki 7 yaşlı Mohammadin vəfat etmiş valideynlərini geri gətir. Bu alınmasa əvəzində hamımızın valideynlərini bizdən al. Çünkü Mohammad böyüdükcə başqa uşaqların “Ana, Ata” deyərək valideynlərinə sarıldığını gördükdə, bu həyatın bu qədər gözəl olmasının heç bir mənası qalmayacaq Şaxta Baba. Ona görə səndən istəklərimin biri budur ki, müharibələrdə validenylərini itirmiş “Mohammad”larin valideynlərini 2017-ci ildə geri gətir.

Bilirsən, mən Bakıda yaşayıram, bizim şəhərdə 2 nömrəli avtobus var, mən hər gün səhər işə gedəndə o avtobusda yaşlı bir qadın görürəm. Qadının çantası o qədər köhnəlib ki, üzərindəki dəri sürtülüb cırılıb, altındakı parçası qalıb. Ümumiyyətlə o qadın bu yaşında niyə işləyir ki Şaxta Baba ? Səndən xahiş edirəm, bütün bu hakimiyyət sistemini, dövlətləri prezidentləri və kapitalizmi ləğv et. Tanrının bizə hər şeyi pulsuz şəkildə verdiyi dövrdəki sistemi bərpa et. Bu da alınmasa o qadınla mənim işə getmək saatlarımızı dəyiş.

Eşitmişəm ki, sənin sehirli çubuğun var, məndə də iki dənə çubuğ var, çəlik adlanır, amma onlarla yoxlamışam alınmır, mümkünsə öz sehirli çubuğundan heç olmasa bir ay istifadə edə biləcəyim birini də mənə gətir. Gətir ki, mən o çubuğla buradakı bir çox insanların beyinlərini dəyişim. Məsələn özlərinə qadağan olan şeyləri başqa insanların da etmələrinə mane olmaq istəyənlərin. Və ya insan müxtəlifliyinin nə olduğunu dərk etməyərək özündən fərqli birini gördükdə ona yad planetli kimi baxanların. Bütün günü muasirlikdən, tolerantlıqdan danışıb, lakin özünə “sən filankəsinə bu şeyi etməsinə icazə verərdin?” sualı verildikdə tutulub qalaraq mövzunu dəyişənlərin, muasir olduqlarını düşünüb lakin beynlərindəki mentalitet düşüncələri yuyub ata bilməyənlərin beyinlərin dəyişmək üçün bu sehirli çubuğu səndən istəyirəm Şaxta Baba.

Sənə hər dəfə Baba dedikcə bir il öncə vəfat edən Babamı xatırlayıram, Çox darıxmışam onun üçün. Necə də qəribədir dünyanın ən ali ən möhtəşəm yaradılışı olan insanın da, adi bir əşya kimi istifadəyə buraxıldıqdan bir neçə il sonra istifadə müddətini başa vurub bu dünyadan köçməsi. Həm ən alı varlıq olasan, həm cansız bir əşya ilə bu dərəcədə ortaq nöqtələrin olsun. Üzr istəyirəm mövzunu yenə dərin düşüncələrə və fəlsəfəyə bağladım, məsələ səndə deyil, mən hər zaman beləyəm.

Əziz və hörmətli Şaxta Baba. Bilirəm bir az qarışıq və səni yoracaq bir məktub oldu. Amma inan ki, hələ yazdıqlarımdan heç birini gerçəkləşdirməməyinə baxmayaraq, sənə yazmaqla bir az da olsa yüngülləşdim. Bu günlərdə buralar bir az soyuqdu, gələndə əynini qalın geyin. Bir də ki, həftə içi gələcəksənsə, Nobel prospekti ilə gəl, Babək probka olur.

Qeyd: Gələndə iki dənə çörək al, pulunu evdə verərəm.

© Murad Məmmədov (facebookda izlə)

Murad Məmmədov - Uğurun Xəritəsi

 

Bu yazı Sosial kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma