Kirayə qalmağa başladıqdan sonra qazandığım – 7 TƏCRÜBƏ

2016-ci ilin yay aylarından etibarən ailəmin yanında yaşadığım evdən ayrılıb kirayə yaşamağa başlamışam. Bunu çox və müxtəlif səbəblərdən etmişəm və istənilən an geri dönüb ailəmlə birgə yaşaya bilərəm. Lakin əsas mövzumuz başqadı, mən bu müddət ərzində bir çox yeni şeylər öyrənmişəm ki, istərdim onları sizinlə bölüşüm. Beləliklə “Are you ready?” :)

1 – Kişidi bu.

Təbii ki, kirayə yaşamağın ilk və hər şeyi özündə cəmləyərək öyrətdiyi əsas məsələ “ev saxlamaq”dır. Çünkü insan kirayə yaşayanda, hətta evdə səndən başqa digər kirayə qalan ev yoldaşların olsa belə, onlarla birgə sən də evdə baş verən və baş verə biləcək hər şeyə görə ən azı onlar qədər məsuliyyət daşıyırsan. Yəni evdə nəsə xərəb oldusa, evdə qaz və ya su gəlmədisə, bayırdan evə qayıdanda evə çörək laızm olub olmadığın zəng edib soruşmaq, və ya qapını tanımadığınız biri döyürsə və sairə. Düzdü bunları ailənlə yaşadığın evdə də zaman-zaman düşünürsən, lakin valideyn evdədir deyə, rahatlıq olur içində. Bir sözlə insan kirayə qalanda konkret olaraq bir evi dolandırmağı və ya ev kirayə olsa belə “ev saxlamağı” öyrənir. Bu isə gələcəkdə ailə həyatı quracağın günə qədər sənə böyük və faydalı təcrübə qazandırır.

2 – Evdə yemək başqadu yavər :)

Kirayə evə köçdüyüm elə ilk günlər idi, məndən öncə də evdə qalan yoldaşlarla maraqlandım, qeyd etdilər ki, “atıışıb” bazarlıq edirlər və evdə yemək bişirilib yeyilir. Bu sistemə mən də qoşulana qədər ilk iki-üç günü bir çox hallarda bayırda yedim və maddi olaraq nə qədər sərfəli olmadığının fərqinə vardım :D  Həqiqətən evdə yemək bişirib yemək çox bərəkətlidir. Məsələn çöldə və ən əsası bahalı olmayan kafelərdə, restoranlarda yesəniz və hətta mənim kimi az yeyən biri olsanız belə, günə minimum 5-6 azn çıxacaq ki, bu da aya minimum 150 azn edəcək və evdə bişirilib yeyilən yemək qədər doyurmayacaq. Belədə isə evdəki digər yorlaşlarla adama 20-30 manatdan atışıb xudmani bir bazarlıq edib bir ay dolanmaq olur.

3 – Bazar olsun! :D

Ailədən ayrı və kirayə qalmağın digər üstünlüklərindən biri də, tez-tezt “home party”lərin təşkil edilməsinin mümkünlüyüdür. Kafelərdən, publardan yorulmusan ? o zaman zəng edirsən yaxın bir və ya bir neçə dost tanışına (evdəki digər yoldaşların münasibətini öyrənib narahatçılıq yaratmayacağını dəqiqləşdirdikdən sonra. Ev yoldaşların da sənin kimi əylənməyi sevən biriləridirsə, heç bir problem olmur) və evə dəvət edib birlikdə maraqlı vaxt keçirirsən, əylənirsən. Doğrudur içkinin qədərinə nəzarət etmədikdə, çox səs-küy saldıqda gecə saat 1 də və hətta 2 də qonşular qapını döyüb məsələni aydınlaşdırmaq istəyirlər, lakin içkili halda onların qarşısına çıxıb, bir az əyləndiyini və niyyətinin narahatçılıq vermək olmadığını demək, üzr istəmək kimi hər dəfə eyni sözləri deməyin belə öz ləzzəti var :)

4 – Makler Murad :)

Daha öncədən də qeyd etdiyim kimi, qaldığın evdə nəsə baş verəndə, istər-istəməz sən də narahat olursan, buna evdə kirayə qalan yoldaşlardan hansısa birinin, evdən ayrılma qərarı da daxildir. Evin kirayə pulunun bir mənalı şəkildə evdə qalan hər kəs arasında eyni məbləğdə bölünməsi o deməkdir ki, evdən kimsə çıxıb getmək qərarına gəldikdə adam başına düşən məbləğ avomatik artır və sən məcbursan evdən ayrılan şəxsin yerinə başqa bi rev yoldaşı axtarasan ki, adam başına düşən məbləğ az olsun. Bu aylar ərzində dəfələrlə bu həyəcanlı anları yaşamışıq :D Hər dəfə belə olanda yeni ev yoldaşı axtarırsan, onu gətirib evlə tanış edirsən və ən əsası evlə tanışlıq zamanı evi elə tərifləyirsən ki, evi sənə kirayə verən ev sahibi qələt edir sənin yanında. Evin ətrafında olan obyektlərdən başlayırsan, mətbəx və tualetdən çıxırsan, hətta imkanın olsa evin önündən keçən tanımadığın şəxsləri də tərifləyəsən ki, bəs çox gözəl insanlar keçir bu evin yanından, təki o şəxs evi bəyənsin və sənin ev yoldaşı axtarmaqdan canın qurtarsın. Bunu dəfələrlə etdikdən sonra bir də baxırsan ki, sən əməlli başlı maklerliyi bacarırsan : )

5 – Pis-pis şeylər fikirləşmiyün :)

Tənhalığın çətin olduğunu küçədə hansısa cütlüyü göməkdən sonra ən çox hiss etdirən, qış aylarıdır. Sizin qaldığınız evləri bilmirəm, kirayə evlər çox soyuq olur yoldaşlar. Düzdü evi istitmək üçün bəzən müxtəlif komunal xidmətlərdən istifadə etmək olur, lakin bu zaman da maddi xərclərin çox olacağını və bu xərclərə tab gətirəcək biri olsaydın kirayə yox özünə ayrıca ev alıb yaşayardın məsəlini nəzərə alaraq bunu daimi və hər dəfə etmək olmur. Bu zaman başqa şeylərin fərqinə varırsan. Məsələn hamıya qismət, mənim də kasıbın olanından ( özü yazıb özü gülür :D ) zaman-zaman hər iki cinsdən olan qonaqlarım olur və həmən qonaq gecə səninlə qalanda, səhər oyandığın zaman digər günlərdən fərqli olaraq üşümək əvəzinə tərlədiyini hiss etdikdə anlayırsan ki, qış aylarında ən effektiv üsul gecə tək yatmamaqdı. Həmçinin dərk edirsən ki, tanrının insanlara bəxş etdiyi ən gözəl lütflərindən biri də, qucaqlaşmaqdır.

6 – Belə özün Bakıda qalansan ? :)

Baxmayaraq ki, bir neçə gün öncə qaldığımız evi dəyişdik, lakin yaxınlıqda olan iki küçə aralıda  olan başqa evə köçdük. Və həm əvvəlki həm də indi qaldığımız ev Bakının ən mərkəzi hissəsində, el dili ilə desək “Torgovıy” ərazisindədir. Lakin əsas məsələ ortada (mərkəzdə) olmaq yox, bu ərazidə olan ətraf mühitdir. Mərkəzdə qalmağa başladıqdan sonra fərqinə vardım ki, burada yaşayan insanların əksəriyyəti, Bakının arxa küçələrində yaşayan insanlarına nisbətən düşüncə tərzləri kifaət qədər fərqlidir. Məsələn tolerantlıq, dünya görüşünün genişliyi, kafe və restoranlarda atmosferlər, bu məkanlarda insanların apardıqları müzakirələr və bir çox şey fərqlidir. Təbii ki, buranın da “sahil bağı” “səməd vurğun bağı” kimi özünə məxsus “arxa küçələri” mövcuddur, lakin daha öncə də qeyd etdyim ki, mən əksər məkan və şəxsləri nəzərdə tuturam, yəni hansı hissəsinə getsən də bura Azərbaycandır, lakin mən nisbətən hiss etdiyim fərqi qeyd edirəm. Bu fərq nisbidir və istisnalar hər zaman hər yerdə vardır.

7 – Sən paltaryuyan deyilsən, Sən qadınsan! :)

Kirayə köçdüyüm gündən ən çox fərqinə vardığım məsələlərdən biri də, hər evə ən azı bir qadının lazım olmasıdır. Yaydan bu yana kirayə qaldığım ev yoldaşlarımın arasında xanımlarda olub, bəylər də. Lakin danılmaz faktdır ki, bir evdə xanım varsa, o ev təkcə oğlanların qaldığı evdən çox fərqlənir. Məsələn hər nə qədər domğma olmasan belə, ev işlərinin bir çoxunu üzərinə götürür, yemək bişirməyi səndən daha yaxşı bacarır və sairə. Düzdü Tanrının məni çox istəməsi sayəsində mənim ev yoldaşlarımdan biri olan bu xanım (indi bunu oxuyub təbəssüm edir yəqin) tamam başqa aləmdir, yəni konkret olaraq bir möcüzədir, o olmasa bu evin halını nəinki siz, özüm belə təsəvvür edə bilməzdim ) Düzdü, mən ev işlərinin təkcə qadınların üzərinə atılmasının və qadınlara yalnız ev işi görən bir robot kimi yanaşılmasının qətiyyətlə əleyhinəyəm! (ki, fərqi yoxdur öz evimdə və ya kirayə qaldığım evdə, bacardığım qədər öz işlərimin əksəriyyətini özüm edirəm). Lakin istənilən halda fərqinə varmışam ki, xanım olan evdə istər-istəməz daha səliqəli olması ilə yanaşı, onun evə oxşamasında böyük bir rolu olur. Qısacası, hər evə bir xanım lazımdır deyə düşünürəm :)

Qeyd: Harada yaşamağınızdan aslı olmayaraq, çalışın istədiyiniz kimi yaşayın və unutmayın ki, ifrat bütün gözəlliklərin məhvidir və hər şey qədərində gözəldir.

© Murad Məmmədov (Facebookda izlə)

img_0163

Advertisements

One thought on “Kirayə qalmağa başladıqdan sonra qazandığım – 7 TƏCRÜBƏ”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma