Bu gün 19 fevralda TEDx də baş tutacaq çıxışım üçün bir toplantıya qatılmaq üçün evdən çıxdım və 4 nömrəli avtobusa mindim. Avtobus cəmi 1-2 dayanacaq irəliləmişdi ki, növbəti dayanacaqda yaşlı bir qadın mindi. Gəlib yanımdakı oturacaqda oturmaq istəyəndə, hər iki əli çantalarla dolu olduğu üçün müvazinətini itirməyə başladı və oturmaqda çətinlik çəkdiyini gördüm, dərhal qoluna girdim və oturana qədər kömək etdim.
Qadın oturduqdan sonra təşəkkür etdi və soruşdu ki, soyuq deyil sənə belə nazik geyinmisən, hələ üstəlik qollarını da çırmalamısan. Dedim ki, yox xala soyuq deyil, həm soyuq məni gec tutur, həm də gəzərkən əlilliyi olmayan şəxslərdən daha çox hərəkət etdiyim üçün bədənim daha isti olur və yalnız gəzməyib bir yerdə duranda soyuqu hiss edirəm. Qadının siması və danışıq tərzi çox pozitiv idi və müsbət auraya sahib idi. Beləcə başladı mənlə söhbət edib suallar verməyə. Söhbtin əvvəlində dedi ki, qəşəng qar yağır, amma heyif çox narındı, güclənsə yaxşı olardı. Cavab olaraq “yox güclənməsin” deyib gülümsədim. Deyir niyə, qar yaxşıdı axı. Bildirdim ki, hə düzdü yaxşıdır, lakin qar yağanda yerlər buz olur, mən isə çəliklərlə gəzdiyim üçün çəliklər buzda sürşür və mən belə olduğu halda gəzsəm yıxılıram, ona görə istəmirəm qar yağsın.
Qadın adımı, yaşımı soruşaraq bənzər suallar verirdi. Sonra sırqama filan diqqətlə baxıb soruşdu ki, niyə saqqal saxlayırsan ? Dedim ki, elə belə, sadəcə xoşuma gəlir. Yenidən diqqətlə baxıb, dedi ki “bomba oğlansan” Gülümsünüb başımı aşağı salaraq bu səfər də mən təşəkkür etdim. Suallarından birində soruşdu ki, “evlisən?” Dedim aha, qadının ya subay qızı var, ya da komik amerikan filmlərində olduğu kimi mənə gözü düşüb :) Nə isə, xala başldadı gah məndən, gah özndən, gah da cəmiyyətdən filan danışmağa. Avtobus enəcəyim dayanacağa çatırdı və artıq qar daha güclü şəkildə yağırdı. Birdən qadın söhbət əsnasında sözünü kəsib pəncərədən baxaraq sevincli halda “Aaa, qar bərkidi, Allah səsimi eşitdi” söylədi. Mən isə tədbirdən çıxıb evə çatana qədər havanın necə olacağı düşüncəsi ilə dilxor halda düşdüm avtobusdan.
Tədbirə qatıldım, 19-u məndən başqa çıxış edəcək digər spikerlər və təşkilatçılarla birgə maraqlı görüşümüz oldu. Bir tərəfdən də fikirim qalmışdı qarda. Mən tədbirdən çıxanda qar tamami ilə dayanmış və yerlər də artıq quruyurdu. Yolu gələ-gələ daha öncələrdən də fərqinə vardığım bir mövzunu təkrar xatırladım. İnsanların yaşadığı həyat tərzinə görə, ətrafda baş verənlərə qarşı reaksiyaları da fərqli olur. Bu gün baş verən hər hansısa bir hadisəyə sən sevindiyin halda başqası üzülə, sən üzüldüyün halda başqası sevinə bilər. Həyat çox qəribədir və bəlkə də həyatı maraqlı edən bu qədər qəribə olmasıdır.
© Murad Məmmədov (Facebookda izlə)