3 manat 15 qəpiyə alınan şərab ilə köhnə görüşdüyüm qızın hədiyyə etdiyi alışqanla yandırdığım siqaretlə mövzuya girmək, nə qədər hekayəli və nə qədər məni tanımayan insanlar tərəfindən mənasız qəbul edilən bir girişdir. Amma mən niyə bunları mənasız hesab edən insanlar haqda çox düşünməliyəm ki ? Onsuz da insanlar mən yaxşı olsam da, pis olsam da mənim haqda mənfi və müsbət düşüncələrdə olacaqlar. Kainatda heç bir həqiqət olmadığı halda insanların düşüncələri zatən bir fərziyyə və təxmindən yüksək birşey deyil.
Bəzən çox fəlsəfi yazıram, bəlkə də fəlsəfi yazdığımı düşünürəm, axı bu pulsuzdur, nə istəsəm düşünə bilərəmdə, ona görə maksimum bu pulsuz bir zövqün keyfini çıxarım bəlkə. Məsələn bunu oxuyanlar haqda düşünüm. Kimisi bunu indi avtobusda evə gedərkən oxuyur, kimisi yeməyini yeyərək, kimisi sabah işə gedəcəyi üçün indidən yerinə girərək çarpayıda. İnsanlar çox nadir hallarda eyni yerlərdə eyni düşüncələri bölüşürlər. Bəzən kiminləsə sevişirsən və hətta o anda ayrı-ayrı şeylər haqda düşünürsən. Məsələn sevişdiyin qadın başqa kişi haqda, sən isə başqa qadın haqda, çox dramatik bir mövzudur, diski dəyişək.
Beynim bu tərzdə çoxdan düşünsə də, yazmağa yeni başlamışam. Tərz bir az çox asan və çox qəlizdir , məsələn hər növbəti cümləni bir-biri ilə əlaqələndirirəm, eyni zamanda da çox da əlaqələndirmirəm, nədən gəldi yazıram. Yazmaq gözəldir, insan hisslərini ifadə edir, bəzən isə bu ifadələri sözsüz baxışlarımız ifadə edir, diqqətlə baxırsan və gözlərdəki qığılcımlar hərəsi bir kitab yazır. Yazmaqla yanaşı dinləməyi də bacarmaq lazımdır, indi mənim qəmgin bir şeiri dinlədiyim kimi. Açığı çox adam deyilik, üç nəfərik, ikimiz çox içmişik, bir nəfər isə ümumiyyətlə içməyib, etiraf edim ki, o adamın yerində olmaq istəməzdim.
Ümumiyyətlə həyatda öz yerim olduğu halda niyə başqasının yerində olum ki, onsuzda çox yer tutmuram, cəmi 48 kilo, təxminən 1.40 sm. Elə bilirik həyatda fiziki varlığımıza görə yer tuturuq, əslində xarakterimizə görə yüzlərlə qəlbdə tonlarla yer tuta bilərik. Əzizlərim, mən çox yaza bilərəm, amma təsüf ki, qədəhin növbəti qurtumu, siqaretin növbəti qullamı məni gözləyir. Növbəti mənasız məqaləərimin mənasız cümlələrində görüşənədək qucalayıram hər birinizi.
© Murad Məmmədov (Facebookda izlə)