Çox sərbəst biri olduğum üçün adətən ağlıma gələn və məni coşduran düşüncələri dərhal reallaşdırmağı sevirəm, o gün də elə oldu. Dostum dedi dəniz kənarında dadlı balıq bişirilən restoran bilirəm. Və bu cümlə gecə saat 11 də mənim ora getməyimə bəs elədi, dostum və mən əyləşdik hərəmiz öz maşınımıza və dal qabaq çıxdıq yola.
Yayda da özünüz bilirsiniz də, durmadan su içməsən adama elə gəlir ki, bu dəqiqə bədəninin bütün orqanları quruyub çürüyəcək. Dostuma dedim marketdə saxlayaq su alaq. Elə yeni saxlamışdıq ki, dostum avtomobilini arxaya verib mənim avtomobilimin yanında saxlamaq istəyəndə, sırrlar dünyasındakı kimi arxasında bir avtomobil peyda oldu və çox astaca dostum öz avtomobili ilə ona toxundu. Nəticədə o “yoxdan var olan” avtomobildə kiçik bir cızıq əmələ gəldi.
Dostum və avtomobili vurulan şəxs nəticəyə baxıb anlaşdılar ki, indi gec olduğu üçün sabah görüşüb ustaya getsinlər və baş vermiş cızığı dostum tərəfindən təmir etdirsinlər. Vurulan avtomobilin sürücüsü avtomobilə yeni oturmuşdu, lakin o avtomobildən bir qadın çıxdı, başladı sözün əsl məmnasında şüvənliyə ki, bəs biz inanmırıq sizə, bəlkə sabah gəlmədiz görüşə. İzah etdik ki, bizi başqaları ilə səhv salmayın, sabah görüşüb həll edəcəyik. Nə isə bunlar avtomobilə yeni əyləşmişdilər ki, qadın yenidən səs-küy saldı: Olmaz belə polis çağırmalıyıq. Dedik xanım narahat olmayın həll edəcəyik.
Başınızı çox ağrıtmayım, sürücünü üç dəfə inandırsaq da ki, belə bir bahalı avtomobil sahibi 5-10 manata görə kiminsə qarğışını götürməz, hər üç dəfəsində bu şüvən qadın kişini avtomobildən təkrar bayıra çıxardı ki, yox nömrə bəs deyil, get ondan nəsə sənəd al və nəticədə dostum öz şəxsiyyət vəsiqəsini verdi, onları birtəhər yola saldıq. Sabahı gün dostum getdi vurduğu avtomobili təmir etdirdi.
Üzərindən cəmi bir iki həftə keçib və bu günlərdə Maştağada mənim də avtəmobilimi arxadan kiçik bir zərbə ilə ictimai nəqliyyatda çalışan adını çəkmədiyim marşrut sürücüsü vurdu. Sürücü heç saxlamadı çıxdı getdi, yaxşı ki avtomobilimdə iki üç nəfərin yerini tutan (iri gövdəli) qardaşım vardı, avtobusdan qabaq qaçıb dayanacaqda gözləyib sürücünü tutub gətirdi ki, bəs mans, vurub hara qaçırsan. Yəqin ki, ikimiz də eyni ailədən olduğumuz üçün saflıqdan avtobusun sürücüsündən nəinki sənəd, heç adını belə tələb etmədən mobil nömrəsini aldıq ki, sabah səhər görüşərik gedərik təmir edərsən avtomobili.
Səhər durdum “kişi”yə zəng elədim telefonu açdı dedi filan saat filan yerdə… Stop! Deyəsən siz də mənim kimi safsınız, nə telefonu açması a kişi, qaqaşa zəng çatmadı, iki gün qaqaşla gizlən qaç oynayandan sonra bu gün məsələni həll elədik.
Bu gün oturub fikirləşirəm ki, mən niyə uzanıb fikirləşmirəm :D Təbii ki, bu qədər bekar deyiləm, bu gün oturub fikirləşirəm ki, görəsən o gün özünü “lezvalayan” qadın sənəd davası etməklə, yoxsa mən insanlıq edərək avtomobilimi vuran şəxsdən heçnə tələb etməyərək və bunun müqabilində iki gün onun ardınca qaçaraq düzgün etmişdim? Fikirlərinizi bilmək maraqlı olardı.
© Murad Məmmədov (Facebookda izlə)