Bu yazını əks cinslə getdiyim məkanlara və o məkanlarda qarşılaşdığım hadisələrə əsaslanaraq yazıram. Çalışacam ki, yazıda sizlərə həm büdcənizə, həm də daxili dünyanıza uyğun olan məkanlar barədə məlumat verim.
İlk növbədə onu söyləyim ki, Bakıda xanımla görüşüb gedə biləcəyiniz məkanlar çox azdır. Yox, məsələ şəhərimizdə park və iaşə obyektlərinin azlığında deyil, məsələ bu məkanların həm komfort, həm də maddi baxımından münasibliyindən gedir. Həm də ,bildiyiniz kimi, bizim xanımların çoxu zövqü və dünya görüşünə əsasən hər məkanı bəyənmir.
Book Cafe (Kitab kafesi)
Bu tip məkanlar da şəhərimizdə yeni anlayışdır və adətən şəhərin mərkəzində “torgovıy” kimi ərazilərdə mövcuddur. Üstünlükləri kafedə kitabların olması və kafe daxilində ödənişsiz şəkildə oxunmasının mümkünlüyündədir. Eyni zamanda menyuları da münasibdir. Burada da qiymətlər publarda olduğu kimidir, yəni 1-3 manat arasında dəyişir. Və əgər əsl “book kafe”dən söhbət gedirsə, o, sakit və səs-küysüz olmalıdır. Çünki bu anlayışın da yeni olması səbəbəbilə, bir çox kafe sahibləri musiqi səsinin dərəcəsinin normasına riayət etmirlər. Hətta bəzi kafe sahibləri işlətdikləri məkanları publa səhv salaraq spirtli içkiləri menyuya daxil edir, siqaret çəkilməsinə icazə verirlər. Amma yenə də sakit, spirtli içki verilməyən və siqaret çəkilməsi qadağan olan kitab kafeləri var. Görüşdüyünüz xanım və ya bəylə gedilməsi məsləhətli yerlərdir.
Pub (Public House)
Əvvəlcə bildirim ki, “pub” inglis sözləri olan “public house” un qısaldılmışıdır. Hərfi mənası “ictimai ev” anlamı daşıyır. Əhmədli, Günəşli, Neftçilərdə və s. “arxa küçələrdə” pubları yerli variant olan “çay evləri” əvəzləyir ki, belə məkanlara da xanımla getməyiniz məsləhət deyil, çünki burada “qaqalarımız” sizin partnyorunuzu gözləri ilə yeyərək diskomfort bir durum yarada bilər. Şəhərin mərkəzində isə bu tip məkanlara getməyinizin qətiyyən qorxusu yoxdur. Çünki buraya adətən daha geniş düşünə bilən şəxslər gəlir. Çox yaxşı haldır ki, şəhərin mərkəzində insanların asudə vaxt keçirməsi üçün çox sayda publar açılıb və açılmaqda davam edir. Təbii ki, dünyanın hər yerində olduğu kimi, şəhərimizdəki publarda da bahalı menyularla insanı axmaq yerinə qoyanlar var. Lakin mən bir çox münasib qiymətli menyuları olan publar tanıyıram. Bu məkanlarda adətən içkilərin, çərəzlərin və yüngül qəlyanaltıların qiyməti 1-3 manat arası dəyişir. Qeyd etdiyim məkanların üstünlüyü adətən digər ziyarətçilər tərəfindən dəxilsiz baxışların olmaması və partnyorunuzla səmimi bir görüşün keçməsinə imkan verməsidir. Pub (səslənməsi: pab) mədəniyyəti şəhərimizdə yeni yarandığı üçün bir çox çatışmazlıqları var. Məsələn, bir çoxlarının akustikası pisdir. Pub əməkdaşları sanki evdə musiqi dinləyirmiş kimi musiqiyə qulaq batıran, söhbətə mane olan şəkildə səs verir. Bəzi pubların isə havalandırmalarının bərbad olması şəxsən məni çox əsəbləşdirir. Lakin yenə də aralarında nisbətən daha yaxşıları var və getməyinizi tövsiyə edirəm.
Park və bənzər yaşıllıq ərazilər.
Bu tip məkanlar müasir cəmiyyətə sahib bir çox ölkələrdə həm tək başına, həm də əks cinslə vaxt keçirmək üçün ən uyğun yerlər hesab olunur. Sözün düzü, mən özüm də belə məkanları çox sevirəm. Götürürsən özünlə kiçik bir speaker , zövqə görə içki, çərəz və gedirsiz əsl ruhu dincəldəcək bir görüşə. Oturursunuz təbiətin əsrarəngiz ətrinə sahib olan yaşıllığın üzərinə, gözəl bir musiqi fonunda söhbət edirsiniz, dincəlirsiniz. Belə yerlərin üstünlüyü həm büdcəyə qənaətdir(içkilər və çərəzlər mağazalarda kafelərdən ən azı 1.5 – 2 dəfə ucuz olur), həm də təmiz havaya sahib olmasıdır. Bu cür məkanlarda görüş keçirtməyin çətinliyi isə üzərinə əyləşə biləcəyiniz yaşıllığa sahib ərazilərin tapılmasındadır. Çünki bizim şəhər idarəçilərimiz parkları, yaşıllıqları adətən görüntü üçün təşkil edirlər. Yaşıllığa ayaq basan kimi kinder şokoladından çıxan sürpriz oyuncaqtək polis peyda olur: “Yaşıllığı tapdalamaq olmaz, mərmərlərimiz üzərində gəzin”. Belə məkanlar az olsa da, yox dərəcəsində deyil. Məsələn, Dədə Qorqud parkı və bənzər mərazilərdə siz görüşdən zövq ala bilərsiniz.
Bir də belə görüş təşkil etməzdən öncə qarşı tərəfin bu barədə fikrini öyrənməyi unutmayın, əks halda gedib orada çətin duruma düşə bilərsiniz. Məlum məsələdir, adi skamyaya oturmazdan öncə az qala oranı dili ilə yalayan xanımlarımız var. Qaldı ki bu cür xanıma yaşıllıq üzərinə əyləşmək təklif etməyiniz. Sanki paltarı azacıq çirklənsə, evdə qalacaq, alan olmayacaq.
Sonda isə çalışın cinsindən aslı olmadan ürəyinizcə olan şəxslərlə vaxt keçirin. Əks halda bu dünyada sahib olduğunuz ən dəyərli sərvətiniz olan zamanınızı itirmiş olacaqsınız. İtirdiyiniz bu zamanı bir daha geri qaytara bilməyəcəksiniz, amma bu vaxtı gələcəyinizin daha yaxşı olması üçün xərcləyə bilərsiniz.
© Murad Məmmədov (facebookda izlə)