Bu günlərdə iştirak etdiyim tədbirlərin birində çıxış edən şəxslərdən biri maraqlı eksperiment haqda bəhs etdi. Bu eksprimentin nəticəsi haqda dərindən düşünməmək mümkün deyil.
Eksperimentə əsasən təxminən 3-4 yaşlı bir neçə uşağa digər otaqda olan valideyninin şəklini çəkmək tapşırığı verilib. Uşaqlar bu şəkli 2-3 dəqiqə ərzində təhvil veriblər. Ardınca bir qədər daha yüksək 6-7 yaşda olan uşaqlara eyni tapşırıq verilib və digər otaqda olan valideyninin şəkilini çəkmələri istənilib. Bu uşaqlar özlərindən balacalardan fərqli olaraq bir qədər gec, 10 dəqiqəyə yaxın zaman ərzində çəkib bitiriblər.
Və son olaraq eyni tapşırıq 10-11 yaşlı uşaqlara verilib. Hazırda bu yazını oxuyan hər kəsə aiddir, sizcə bu uşaqlar neçə dəqiqə ərzində çəkib bitiriblər, bir az düşünün, təxmin etməyə çalışın. Mən çox istərdim ki, təxmin etdiyiniz dəqiqə doğru cavab olsun, amma üzülərək bildirmək istəyirəm ki, sonuncu qrup uşaqlar bu tapşırığı ümumiyyətlə yerinə yetirə bilməyiblər, şəkili çəkə bilmədiklərini söyləyiblər. Razıyam, sonuncu qrupun nəticəsi insanı ilkin olaraq çox təcübləndirir, lakin daha dərin analiz etdikdə bu nəticənin səbəbini təxmin etmək olar. Təxmin etməkdə çətinlik çəkənlər üçün öz şəxsi fikirlərimi bildirirəm.
Niyə bu uşaqlar şəkil çəkə bilməyiblər ?
Çünki biz insanlar böyüdükcə sanki hər şeyi ideal şəkildə etməli olduğumuzu düşünürük və ya bu düşüncəni bizim beynimizə yeridirlər. Çünki biz böyüdükcə elə bilirik ki, mütləq hər şeyin bir qaydası, bir standartı olmalıdır və biz bu standartlara uyğun şəkil çəkməliyik, kitab yazmalıyıq, iş tapmalıyıq, geyinməliyik, görünməliyik. Və bu standart nümunəni görmədikdə, gözümüzün qarşısında olmadıqda, öz tərzimizi yaratmaqdan, öz fərdi düşüncəmizi ortaya qoymaqdan və sərgiləməkdən çəkinirik. Buna görədir ki, yaşı daha çox olan uşaqlar 3-4 yaşlı uşaqlar kimi yaradıcı ola bilməyiblər və ümumiyyətlə səhv edərlər deyə bu rəsmi ərsəyə gətirməyiblər.
İlklərə imza atan dahi yaradıcı şəxslərin də fərqləri məhz bundadır, onlar ilklərə imza atarkən nəyəsə əsaslanmayıblar, onlar çərçivəyə salınmayan ideyalar və məhsullar hazırlayıblar.
Sən də o dahilərdən biri ola bilərsən, görmək istədiyin işi ideallaşdırmağa çalışma. Bənzətmək mütləq deyil, sadəcə ilk addımı at, bəlkə bu dünya sənin bu addımın sayəsində fərqli bir məkana çevriləcək. Ən adi düşüncə və görməli olduğunuz işlərinizdə belə ideallıq ardınca qaçmayın, etmək istədiyiniz şeyləri sadəcə EDİN! Hörmətlə:
© Murad Məmmədov (facebookda izlə)