Tanışımla kafedə oturub söhbət edirdik. Tanışım son zamanlar ətrafdakı insanlara qarşı həssasiyyətinin artmasından və bunun ona əziyət verməsindən danışırdı. Mən də bunun nə ilə əlaqəli ola biləcəyinə dair mülahizələr irəli sürürdüm.
İçdiyim şərabın dadı, kafenin işıqlandırılması, demək olar hər şey könlümcə idi. Və belə bir məqamda gözüm kafeyə yenicə daxil olmuş bir oğlan uşağına sataşdı.
9-11 yaş aralarında olardı. Kafedə müştəri əyləşmiş bütün masalara bir -bir yaxınlaşır, almaları üçün salfetka təklif edirdi. Bir ara kafe adminstrasiyasının belə uşağı kafedən kənarlaşdırmamaları (adətən kafe əməkdaşları belə edir) diqqətimi çəkdi.
Demək olar kafedə olan bütün müştərilərə yaxınlaşdıqdan sonra uşaq bizə yaxınlaşdı. Gözlərinin rəngi maviyə çalırdı. Əynində kapuşonlu üst geyimi vardı. İş elə gətirdi ki, uşaq məhz ətrafdakı insanlara qarşı həssaslığından əziyət çəkdiyini deyən tanışıma yaxınlaşdı. Və əlbəttə ki, tanışım uşağın salfetka almaq təklifini qəbul edərək, 1 manat verərək 1 paket yaş, 1 paket də quru salfeti uşaqdan aldı.
Mən bilmirəm o uşaq həqiqətən ailəsinə kömək etmək üçün çarəsizlikdən uşaq yaşalarından küçə-küçə gəzərək bu işlə məşğul olur, ya sadəcə uşaq əməyinin istismarı ilə məşğul olan cinayətkarlar tərəfindən işlədilir və sairə. Amma mən onu bilirəm ki, göy gözlü o uşaq təkcə salfetka satmırdı.
O uşaq salfetka ilə birlikdə oyuncaqlarını, təhsilini, istirahətini, yelləncəklərini və gözləri tək parlaq ola biləcək gələcəyini satırdı. Və bir də, onu qorumayan məmurların, “uşaqların müdafiəsi ilə məşğul olan” beynəlxalq təşkilatların vicdanını satırdı. Bütün bunların hamısı birlikdə cəmi 1 manat idi…
Tanışım uşaqdan salfetkanı aldıqdan sonra onun niyə bu işlə məşğul olması ilə maraqlanmağa çalışdığı zaman, uşaq əlində bir çanta salfet ilə başını aşağı sallayıb, burnundan axan suyu koftasının qolu ilə silirdi.
© Murad Məmmədov (facebookda izlə)