Bakı yalnız kasıblar üçün bahalı şəhərdir.
Ötən dəfə Atatürk prospektində bir kafedə nahar etdim. Nahara daxil idi: şorba, əsas yemək, salat, 0.5 butulkada qazlı içki, çörək. İndi isə möhkəm dayanın, qiyməti deyirəm: 5 AZN. Təsəvvür edin bu boyda dəmdəsgahın qiyməti 5 azndir. Özüm özümə utandım pulu verəndə. Çünki bu qədər qida üçün çox ucuz məbləğdir. Amma Kimlər üçün ucuzdur? Aylıq təxminən 600 – 700 azn gəliri olan adam üçün məsələn. Bəs Azərbaycanda neçə nəfər 600 – 700 azn aylıq maaş alır ? Çox az adam. Lakin yox deyil. Məsələn mənim ətrafımda kifayə qədər belə yoldaş var. Elə mən özüm də, il yarım bundan əvvələ qədər aylıq ən azı bu qədər qazanırdım, bəzən daha çox. Sonra öz istəyimlə daha az qazanmaq lakin daha çox azad olmağı seçdim. Lakin artıq heç yerdə rəsmi işləmədən də eyni maddi gəliri bərpa etmək üzrəyəm. Bəs qeyd etdiyim məbləğdə maaşı hansı yoldaşlar alır ? Daha dəqiq desək, hansı sahədə çalışanlar ? Müşahidələrimə əsasən deyə bilərəm ki, özüm də daxil olmaqla əksəriyyəti fizikidən daha çox əqli əmək tələb edən işlərdə çalışanlar. Artıq zəmanə dəyişib, əvvəllər fiziki əmək daha çox pul qazandırırdısa, indi tam tərsidir. Neft və hərbi sektoru çıxmaq şərti ilə, demək olar heç bir fiziki əmək tələb edən işlər, Azərbaycanda rahat yaşanılacaq qədər əmək haqqı vermir. Və mən bunun günahını, dövlətin iqdisadi siyasətində görürəm. Uzağa getməyə ehtiyac yoxdur, “Allahın” Rusiyasında olanda, şahidi olmuşdum ki, fiziki işlərdə əcnəbiləri basib işlədirlər. Bütün sahələrdə olmasa belə, ən azı hava limanındakı süpürgəçilərin 99% özbəklər, qırğızlar və bənzər ölkələrdən olanlardır. Mən Amerikada və Almaniyada olanda da eyni halın şahidi olmuşdum. Almaniyada hava limanında elə bilirsən Türkiyəyə gəlmisən. Çünki əqli əmək tələb edən, rəqəmsal xidmətlər göstərən şirkətləri çoxdur və bu şirkətlərdə öz vətəndaşlarını işlədirlər, daha az gəlirli olan fiziki işlərdə isə əcnəbiləri işlədirlər. Bizdə isə çox təsüf ki, belə deyil. Əqli əmək tələb edən işlər çox azdır. Bunun müqabilində də maddi gəlirləri yaxşı olan və ölkədəki yaşayışdan razı olan insanların sayı azdır. Özlüyündə isə Bakı bahalı şəhər deyil. Bir çox şey kifayət qədər ucuzdur.
© Murad Məmmədov (Facebookda izlə)