Seks işçisi, fahişəlik və ya əxlaqsızlıq ?
Təxminən 1 ay öncə insan hüquqları ilə bağlı təlimlərə gedirdim. Təlimçilərimizdən biri, biliklərimizi yoxlamaq məqsədilə bizə həll etmək üçün tapşırıq verdi. Tapşırıqda “əxlaqsızlıqla məşğul olmaq” cümləsi də var idi. Bu söz diqqətimi çəkdi və sadəcə mən bunu dəqiqləşdirməq qərarına gəldim. Soruşdum ki, onun adı “seks biznes” demək deyil ? yoldaş da izah etdi ki, qanunda əxlaqsızlıq kimi də gedir.
Əsas mövzumuz bu olmadığı üçün mövzunu uzatmadım. Sonradan gəlib internetdə qanunvericiliyi araşdırdıqda gördüm ki, bəli bir neçə yerdə, pul qarşılığında cinsi əlaqədə olmaq əxlaqsızlıqla məşğul olmaq kimi təsvir olunur.
Gəlin indi bir qədər aydınlaşdırma edək. Əksəriyyətinin “fahişəlik” kimi qələmə verdiyi, əslində isə daha mədəni dünya məqsədi ilə “seks biznes” və ya “seks işçisi” kimi adlandırılan bu fəaliyyət növü niyə görə əxlaqsızlıq adlandırılır ki ?
Mən hesab edirəm ki, cinsiyyət orqanı ilə pul qazanmağın əxlaqsızlıqla heç bir əlaqəsi yoxdur. Cinsiyyət orqanı da, insanın bədən üzvlərindən, nahiyələrindən biridir. Necə ki, futbolçu ayağı sayəsində pul qazanır, seks işçisi də, cinsiyyət orqanı ilə pul qazanır. İnsanların bunu əxlaqsızlıq adlandırmasının sadəcə bir səbəbi var: Vaginaya, yəni cinsiyyət orqana əlavə məna yükləmək. Yəni əksər insanlar qadının cinsiyyət orqanına əlavə məna yükləyərək, onu əxlaqi dəyərlərdən biri kimi, əxlaq səviyyəsini müəyyənləşdirən normativlərdən biri kimi qələmə verirlər. Və məncə bu çox məntiqsizdir.
Əgər həqiqətən qadın seks xidməti göstərdiyi üçün əxlaqsızlıq etmiş sayılsaydı, o zaman bu xidməti alanlar da, ən azı xidməti verən qədər əxlaqsız olmalı idi. Axı nə fərqi var, pul alıb xidmət göstərirsən, yoxsa pul verib xidmət alırsan. Nəticədə hər ikiniz eyni fəaliyyətlə məşğul olursunuz, yəni sekslə. Və bu sadəcə seksdir, əxlaqi göstərici olması yanlışdır.
Lakin cəmiyyətin yalnız xidmət göstərən şəxsi əxlaqsız adlandırması onu göstərir ki, cəmiyyət sadəcə və sadəcə qadının vaginasına əlavə məna yükləyir və seks işçisini əxlaqsız adlanırmasının yeganə səbəbi də budur.
Adlandırmaya gəldikdə isə, özüm də, əlilliyi olan biri kimi, əlilliyi olan şəxslərə qarşı da, damğa vuran, müxtəlif stereotiplərə yolaçan ifadələrə qarşı olduğum üçün, fahişə sözünün də əleyhinəyəm. Çünki fahişə sözü, əsasən təhqir edici və alçaldıcı bir söz olaraq istifadə olunur. Bu səbəbdən, “Seks işçisi” ifadəsi, həmən sahədə çalışan insanlara qarşı daha tolerant və neytral ifadədir deyə düşünürəm.
Təlimlərə getdiyim gündən bu mövzuda yazmaq istəyirdim, bu günlərdə Taleh Yüzbəyovun çəkdiyi video blogda məsələnin gündəmə gəlməsi, nəhayət ki yazını yazmağıma səbəb oldu.
Çalışın ətrafdakı insanlara qarşı daha insancıl və dözümlü davranın. Kimsə kimsədən artıq və ya əksiy deyil. Və kimsənin də, bir başqasının həyatına müdaxilə edərək, onu təhqir etməyə cəhd etməsinə haqqı yoxdur.
© Murad Məmmədov (facebookda izlə)