Hansı insanlarla görüşməliyik ?

Hansı insanlarla görüşməliyik ?

23 yaşımda radikal hesab ediləcək bir qərar verdim: mən sırğa taxacağam. Yaşadığım ərazini nəzərə alsaq, cəsarətli addım idi. Dostlarımın arasında, başlanğıcda zarafatla, sonradan isə onlarla müzakirəyə qoşulduqda, ciddi şəkildə “bu nədir taxmısan”, “kişiyə yaraşan hərəkət deyil”, “mən şəxsən pis baxıram” və bənzər münasibət bildirənlər oldu. 

Mən də onlara cavab verir, mübahisəyə girirdim. Sonradan mən daha çox sosiallaşdıqca, yeni insanlarla tanış olduqca anladım ki, daha öncəki “dostlarımın” əksəriyyətilə alternativ insanları tanımadığım üçün dostluq etmişəm. Əslində, daha öncədən də seçim edəcək qədər dostum olsaydı, sırf öz düşüncəmdə olan insanları seçərdim. Azacıq gec olsa da, mən belə etdim. İndi ətrafımda uşaqlıqdan tanıdığım cəmi bir iki nəfər var. Qalan hamısını cəmi bir neçə ildir tanıyıram, çünki onlarla zaman keçirəndə gərginlik yaşamıram.

Təxminən 2 il öncə isə başqa bir qəribə durum yaşamışam. Belə ki, həmin dövrdə, az qala hər gün bir insanla, bəzən bir günə iki insanla görüşürdüm. Bir gün fərqinə vardım ki, görüşdüyüm insanların əksəriyyətindən mənə heç bir fayda gəlmir, yəni maddi nəyisə nəzərdə tutmuram. Söhbət istənilən bir faydadan gedir. Məsələn, maraqlı nəsə öyrənmək, əyləncəli vaxt keçirmək, ruhunun dincəlməsi, mütaliə və sairə.

Heç bir fayda gəlmirsə, deməli siz itirirsiniz. Zamanınızı, enerjinizi və hətta pulunuzu. Bu fikirlər kiməsə qəribə gələ bilər. Düşünə bilərsiniz ki, insanlardan daima fayda güdməkmi olar? Gəlin, səmimi olaq, dostlar. Bütün münasibətlər qarşılıqlı maraqlar üzərində qurulur və bu tamamilə təbii  haldır. Bu dəqiqə oturub son zamanlar görüşdüyünüz insanları xatırlasanız, görəcəksiniz ki, kiminləsə sizə maraqlı nələrsə öyrətdiyi üçün görüşürsünüz, kimsə sizə motivasiya verdiyi, kimsə daima sizi güldürdüyü, kimsə isə sizə sevgi dolu baxdığı üçün…
Narahat olmayın, görüşdüyünüz insanlar da hər hansı marağa görə sizinlə görüşür və bu, tamamilə təbiidir.

Əlbəttə, kiminləsə heç bir fayda güdmədən də görüşmək olar, lazımdır. Ola bilər ki, o adam sizə heç bir fayda verməz, amma sizə ehtiyacı ola bilər. Belə insanlarla da bir dəfə görüşərsən, iki dəfə görüşərsən. Daha çox görüşməkdə heç bir məna və məntiq görmürəm.

Dostlarınız sizi xoşbəxt etməlidir. Əgər etmirsə, bu dostluq deyil, olmamalıdır. Əgər ətrafınızda sizi anlayacaq insanlar azdırsa, yox dərəcəsindədirsə, narahat olmayın. Ən nadir, cəmi bir neçə yüz min şəxsdə rast gəlinən xəstəliklərin daşıyıcısı olan insanların sayı belə kifayət qədərdir. Deməli, sizi başa düşə biləcək fərdlər də az deyil, sadəcə axtarıb tapmaq lazımdır. Bunun üçün isə ən effektiv üsul, çox gəzməkdir. Çox gəzən, çox bilər. Axtaran da tapar deyiblər. Hər birinizin ətrafında “gözəl” insanlar görməyi diləyirəm.

© Murad Məmmədov ( Məni instagramda izlə )

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma