Hər birimiz dünyaya gəlir, ailədə və ya uşaq evində böyüməyə başlayırıq. Sonra məktəbə, daha sonra alınarsa universitetə… Sonra isə işləməyə, özümüzə karyera qurmağa başlayırıq.
Bütün bu mərhələləri keçdiyimiz zaman, kimlərsə bizə nəsə öyrədir, kömək etməyə çalışır. Bəs bizə öyrədilənlər, bizə özümüzü istədiyimiz kimi reallaşdırmağa kömək edirmi? Və ya bizə öyrədilənlər bizim gələ biləcəyimiz son inkişaf nöqtəsidirmi ?
Əlbəttə ki, xeyr. Çünki fərdi inkişaf deyilən bir şey var. Fərdi inkişaf, fərdin özünün özü üçün seçdiyi inkişaf üsulları və yoludur.
Məsələn, mən uşaq olanda Əhmədli qəsəbəsində yaşayırdım və qonşularımızın əksəriyyəti rusdilli idi. Onların söhbətləri əsasında məndə rus dilində baza məlumatlar toplanmışdı. Yeniyetməlik yaşımda söhbət portalları dəbdə idi. Mən də “chat”larda və “mesencer”lərdə rusdilli qızlar tapıb yazışırdım. Bu üsul ilə rus dilimi inkişaf etdirdim. Sonra daha da təkminləşdirmək üçün başqa üsullardan istifadə edərək, konkret bir müəllim və ya məktəb olmadan, çox yaxşı səviyyədə rus dilini öyrəndim. Bu gün xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərin əksəriyyətində rus dili biliyim sayəsində tərcüməçisiz iştirak edə bilirəm.
Daha bir nümunə kimi, “Youtube”də video dərsliklər izləyərək videomontaj etməyi öyrənib, öz video bloqlarımı özüm montaj etməyimi də qeyd edə bilərəm.
Mümkün qədər erkən vaxtlardan özümüzü analiz etməli, çatmaq istədiyimiz nöqtəni özümüz üçün müəyyənləşdirməli və bu nöqtəyə çatmaq üçün fərdi inkişaf üsulundan istifadə etməliyik. Həyatda heç bir kəs sizi sizin qədər çox istəyə bilməz. Unudun sizə deyilən “mən sənin üçün hər şey edərəm”, “mən ömür boyu sənin yanında olacağam” kimi şablon cümlələri. Parlaq gələciyiniz üçün mövcud olan yeganə təminat siz özünüz və fərdi inkişafınızdır.
Əlbəttə ki, təhsil ocaqlarının və sairə qurumların öyrətdiklərinə də biganə yanaşmaq lazım deyil. Lakin bu qurumların verdikləri və öyrətdikləri ilə kifayətlənmək çox yanlışdır. Çünki zirvəyə gedən yol mütləq fərdi inkişafdan keçir.
Elə indi, bu gün əldə etmək istədikləriniz üçün, özünüzün və hansı üsullarla nə edə biləcəyinizi düşünün. Dərhal da icrasına başlayın! Nəyə necə başlamaq üçün ideyalarda çətinlik çəksəniz mənə yaza bilərsiniz və ya müəllifi olduğum “Uğurun xəritəsi” kitabına göz gəzdirə bilərsiniz.
© Murad Məmmədov ( Məni instagramda izlə )