Bəzi insanlar bədənində, düşüncəsində, cinsi orientasiyasında və ya ünsiyyət üsulunda olan hər hansısa bir fərqliliyindən utanır, bunu kompleks edir.
⠀
Əslində, mən belə düşünən insanları qınamıram. Səmimi olsaq hər birimiz istəyirik ki, ətrafdakı insanlar tərəfindən bəyənilək, müsbət şərhlər və ya münasibətlər görək. Daha dəqiq desək, özümüzü başqa insanlara “satmaq istəyirik”. Bu tamamilə təbiidir. Çünki içimizdəki eqonun buna ehtiyacı var.
⠀
Lakin hər birimiz bilməliyik:
⠀
Bizi yenicə görən, tanıyan insanların görünüşümüzə və ya hər hansısa başqa bir fərqliliyimizə görə dəyərləndirməsi bir neçə saniyə, bizimlə ilk ünsiyyətə qədər davam edir. İlk ünsiyyətdən etibarən hər şey özümüzdən asılı olmağa başlayır. Bu andan etibarən biz özümüzü necə təqdim edəcəyiksə, qarşı tərəf də bizi o cür qəbul edəcək.
⠀
Əgər biz ətrafdakı insanlar tərəfindən sevilmək, bəyənilmək istəyiriksə, əlbəttə ki, çox sayda müsbət xüsusiyyətlərə, bacarıqlara və zəngin daxili dünyaya sahib olmalıyıq.
⠀
Çünki qarşı tərəflə real tanışlıqdan sonra, bizim kimliyimizi təşkil edən amillər məhz bu xüsusiyyətlırimiz olacaq. Zəngin dünya görüşü, nə dərəcədə maraqlı həyat tərzi və sairə.
⠀
Həmçinin sahib olduğumuz bu amillər bizdə özünə inam və əminlik yaradır. Özünə inanan insanlar, özünə inanmayan insanlarla müqayisədə ətrafın yüksək dəyərləndirməsinə daha az ehtiyac duyurlar. Çünki artıq özləri özlərini çox yüksək dəyərləndirirlər.
⠀
Mən?
⠀
Əlbəttə ki, görünüş fərqliliyinə görə ən az narahat olan və bunu kompleks edən insanlardanam. İndi durum sizə “Məlikməmməd” nağılı danışım ki, tamamilə komplekssizəm, idealam, xeyr!
⠀
Amma bu məsələni “çox da şey eləmirəm”. Çünki bacarıq və daxili aləmimi çox inkişaf etdirmişəm. Buna görə özümə inamım çox yüksək səviyyədədir. Əgər kimsə, bu qədər müsbət xüsusiyyətlərimə və gördüyüm işlərə rəğmən görünüş fərqliliyimdə ilişib qalacaqsa, mən o insana özümü “satmaq”da maraqlı deyiləm, olmayacam. Çünki artıq o insan özünü mənə “sata” bilmədi.
© Murad Məmmədov ( Məni instagramda izlə )
One thought on “Özümüzü satmaq istəyirik – Görünüşünü kompleks edənlər”