Amansız cəmiyyət – İlahiləşdirilən insanlar

Bir gün bir oğlan, birşeylər içmək üçün kafeyə daxil olur.
Kafenin barında oğlandan savayı sadəcə yaşlı bir kişi var idi.
Bir müddət sonra onlar söhbətləşməyə başlayırlar və yaşlı kişi oğlana deyir:

Kafedə gördüyün bütün taxta oturacaqları mən düzəltmişəm. Amma di gəl ki, bir nəfər də çıxıb demir, sən ən yaxşı oturacaq ustasısan.

Və davam edir:
Görürsən bu taxta barın gözəlliyini ? Demək olar yaxınlıqda olan bütün kafelərin barlarını mən bu əllərimlə hazırlamışam. Lakin bir nəfər də çıxıb demir ki, sən ən yaxşı bar ustasısan.

Yaşlı adam son olaraq qeyd edir:
Lakin insanların cəmi bir dəfə eşşəyin arxasında dayaıb, ayaqlarını qaldırmağımı görməkləri kifayətdir ki, mənim adımı eşşək ***** qoysunlar.

Başlanğıcdakı bu kiçik hekayəni, elə hekayə qədər kiçik olacaq yazımı daha aydın analiz etməyiniz üçün nəql etdim.

Bu gün məni üzən məsələlərdən biri də, cəmiyyətin, kütlənin çox amansız olmasıdır. Sən illərlə xalqa xidmət etsən də, cəmiyyətin rifahi üçün çalışsan da, faydalı işlər görsən də, bir gün cəmi bir səhvinə görə, səni silərlər, səni linç edərlər. Və ən əsası, nəyi niyə etdiyini soruşmadan, maraqlanmadan.

Bəlkə də, insanların bu qədər amansız olmasınız səbəbi, fəaliyyətlərinə görə bəyəndikləri, təqdir etdikləri şəxsləri, müqəddəsləşdirmələridir. Axı həqiqətən də, tanrılar səhv buraxanda biz qəzəblənirik.

İnsanların qeyri adekvat davranışı özünü müştəri obrazında da göstərir. Məsələn müştəri nədənsə razı qalanda bunu cəmi 2 nəfərə danışır. Narazı qalanda 10 nəfərə.

Xöş sözlərə laiq insanlara qarşı edilən ən böyük ədalətsizlik, onlara qarşı olan xoş niyyətimizin, xoş düşüncələrimizin onlara deyilməməsidir, ürəyimizdə gizli saxlamağımızdır.

Gəlin ilk növbədə insanları ilahiləşdirməyək, ideal kimsə yoxdur. Ardınca isə 10 yaxşı əməlinə qarşı 1 səhv edən şəxsi linç etməyək, tələsməyək.

Gəlin yaxşı insanlara yaxşı sözlər deyək, dəyərləndirək, gizlətməyək. Axı onların ehtiyacı olan yeganə şey, etiklərinin cüzi də olsa dəyərləndirilmələdir, təqdir olunmaqdır. Bu insan təbiətinin ayrılmaz bir parçasıdır.

© Murad Məmmədov ( Məni instagramda izlə )