Mən uşaq olanda Əhmədlidə qonşuluqda bir qadının ayağı sınmışdı.
⠀
Ayağı sağalana qədər qoltuq ağacından istifadə edirdi. Sağaldıqda çəlikləri nənəmə vermişdi ki, bəlkə nə zamansa Murada lazım olar. O zaman 8-10 yaşım olardı və gəzə bilmirdim. Əlil arabası da istifadə etmirdim, yerdə iməkləyirdim. Nənəm qonşunun verdiyi çəlikləri yaşadığımız evin zirzəmisinə atmışdı.
⠀
İllər ötür, 15 yaşıma çatıram. Qonşuda 12-13 yaşlarında bir qızdan xoşum gəlirdi. Bəli, ilk və uşaqlıq sevgisi. Bir gün yenə o qız haqda düşünürdüm. Düşünürdüm ki, əgər mən gəzə bilsəydim, o qızla daha çox vaxt keçirə bilərdim. O harasa gedəndə, mən də onunla gedə bilərdim. Bu hisslərə qapılaraq, otaqda olan nənəmdən soruşdum:
⠀
Nənə, qonşu sənə çəliklər vermişdi, onları atmamısan?
Nənəm təcüblə mənə baxıb dedi ki, bilmirəm, gərək zirzəmiyə baxım.
Mən isə, tapsa mənim üçün çox yaxşı olacağını, gəzməyə cəhd edəcəyimi dedim və zirzəmiyə baxmağı unutmamasını xahiş etdim.
⠀
Əlbəttə, nənəm bu haqda unutdu. Sonra yenidən ona xatırlatma etdim. Nəhayət çəlikəri tapıb gətirdi. Bir gün çəlikləri götürdüm, addım atmağa çalışdım. Alınmadı. Sonra yenidən cəhd etdim və yenə alınmadı. Az öncə mənə tamaşa edən nənəm də çıxdı getdi o biri otağa.
Və mən yenidən cəhd etdim, bu uğurlu cəhd idi. Nəhayət həyatımda ilk addımımı atmışdım.
⠀
Ardınca aylarla evdə məşq, sonra məhəllədə, sonra başqa məhəllərdə, başqa şəhərlər…
⠀
Bir də baxdım ki, heç bir tibbi müdaxilə olmadan qitənin bu başından girib, o biri başından çıxıram.
⠀
Həyatda heçnə təsadüfi deyil. Dünən baş verənlər və etdiklərimiz bu günümüzü, bu gün baş verənlər sabahımızı təyin edir. Kəpənək effektində deyildiyi kimi, bu gün bir kəpənəyin qanad çırpması dünyanın başqa bir hissəsində, başqa bir zamanda fırtınaya səbəb ola bilər.
Qonşudakı qadının ayağının sınması mənim bu gün gəzməyimdə əsas rol oynayır. O çəliklər zirzəmidə var idi deyə belə ürəklənmişdim.
⠀
Bəli, ola bilər 15 yaşımda yox, gec və başqa zaman yenə bir yol tapıb həyatımın gedişatını dəyişəcəkdim. Lakin bu hekayə bu çəliklərsiz bu cür olmayacaqdı.
⠀
© Murad Məmmədov ( məni facebookda izlə )
