Son günlər dünyada baş verən hadisələr bir çoxumuzda əsəb və gərginlik yaradıb. Bunları nəzərə alaraq stressdən uzaq olmağın 6 sadə lakin effektiv üsulunu sizinlə bölüşmək qərarına gəldim. Əgər sizin də istifadə etdiyiniz fərqli və effektiv üsullar varsa, şərh yazaraq mənimlə bölüşə bilərsiniz.
1. Hərəkət edin.
Bir çox insan stress zamanı özünü sakitləşdirmək üçün şirin qidalar, siqaret və spirtli içkilər istifadə edir. Lakin bu tip şeylərin çoxlu istifadəsi ziyandır.
Stress və gərginlik zamanı daha çox fiziki hərəkət etməyə çalışın. Əgər qaçmağa və.s həvəsiniz yoxdursa, sadəcə bir neçə mərtəbə piyada qalxıb, enərək və ya 10 dəqiqə açıq havada gəzişərək əhvalınızı yüksəldə və enerji yığa bilərsiniz.
2. Doyunca yatın.
7-9 saatlıq yuxu, gərginliklə mübarizə və növbəti günə enerji yığmaq üçün yaxşı üsuldur. Əgər daha az yatırsınızsa bunu qaydasına salın, çünki az yuxu stressə dözümlülüyü azaldır.
3. Dəyişiklik edin.
Gündəlik həyatınızda edəcəyiniz ən kiçik dəyişikliklər belə əhvalınızın yüksəlməsinə təsir edəcək.
Məsələn işə və ya kursa getmək üçün başqa marşrutdan istifadə edin. Səhər və ya nahar yeməyinizdə fərqli təamlar yeyin.
Kiçik dəyişiklikləri hədəfləyin ki, icra etmək daha asan və zəmanətli olsun.
4. İndi, burada olun.
Dünən və sabah baş verə biləcəklər haqda nə qədər çox düşünsəniz, bir o qədər çox enerji itirəcək, gərginləşəcəksiniz. Çünki onları bu dəqiqə dəyişmək əlinizdə deyil.
Bu səbəbdən bütün enerjinizi indi olduğunuz məkana və zamana xərcləyin. Fikirlərinizi cəmləyin və enerjinizi indi gördüyünüz iş üçün istifadə edin.
5. Səbəbi tapın, uzaqlaşın.
Sizi stressə salan, enerjinizi tükətən əsas səbəbi düşünün, tapın. Tapdıqdan sonra çalışın uzaq olun. Məsələn stress son günlər dünyanı bürüyən koronavirusa aid xəbərlərə görədirsə, çalışın bu xəbərlərdən uzaq olasınız. Əlbətddə hər kəs istəyir hadisələrin gedişatından xəbərdar olsun. Lakin bunu fasiləsiz olaraq etsəniz, stress qaçılmaz olacaq. Əgər səbəb budursa, çalışın facebook xəbər lentinizdə bənzər xəbərlərin bir çoxunu “hide” edin. Sosial şəbəkələrdən az istifadə edin. Bunun müqabilində maraqlı bir film izləyin və ya fəaliyyət sahənizə uyğun öyrədici video dərslər izləyin.
6. Meditasiya edin.
Meditasiya onun haqqında bəhs edildiyi kimi çətin və qorxulu birşey deyil. İndi mən sizə 2 cümlə ilə meditasiyanın ana məqsədini izah edəcəm və meditasiya etməyin ən sadə yolunu söyləyəcəm. Meditasiyanın əsas məqsədi, olduğunuz zamanı və məkanı hiss etməkdir. Meditasiya etməyin ən sadə üsulu, gözlərinizi yumub bütün diqqətinizi nəfəsinızı alıb verməyinizə yönəltməkdir. Gözünüzü yumandan sonra sakit tərzdə nəfəs alıb verməyə davam edin. Nəfəs alıb verdikcə, sinənizin necə tərpənməsinə, nəfəs alıb verərkən sinənizdən gələn səslərə və sairə xırda məqamlara diqqət etməklə meditasiyanın effektliyini artıra bilərsiniz. Sadəcə 2 – 3 dəqiqə bunu etməklə həmən an üçün özünüzdə inanılmaz dəyişikliyi anındaca hiss edəcəksiniz.
© Murad Məmmədov (facebookda izlə)