Çəliklərlə gəzirəm və bu səbəbdən qaça bilmirəm. Amma qaça bilməməyim mənə yaxşı şeylər də bəxş edir.
Məsələn, daha ləng addımlar atıram, ləng addımlar atanda ayağımın altında qalan predmetləri hiss edirəm və onlara fikir verirəm. Asta addımlar ataraq predmetləri hiss edib onlara fikir verdikcə daha çox an yaşayıram. Nə qədər çox an yaşasam, o qədər çox həmin anı və özümü hiss edirəm, bu da öz növbəsində daha xoşbəxt olmağıma səbəb olur. Təsadüfi deyil ki, meditasiyanın əsas məqsədi oluğun məkanı və zamanı hiss etməkdir.
⠀
Bizi qaçmağa sövq edən təkcə ayaqlarımız deyil. Özümüzü asılı etdiyimiz xarici amillər, dolayısı yol ilə bizi xarici amillərdən asılı edən nəfsimizdir. Nəfsimiz əlimizdə olanlarla qane olmur, hər dəfə yeni və daha çox şeylər istəyir. Nəfsimizin istədiyi şeyləri əldə etmək üçün daha çox pul qazanmalı oluruq, daha çox pul qazanmaq üçün daha sürətli qaçırıq. Nə qədər çox sürətlə qaçsaq, o qədər çox özümüzdən və anlardan (xoşbəxtliklərdən) uzaqlaşırıq.
⠀
Bu gün daha sürətlə qaçmağımıza yeganə səbəb ayfonu bizə hava su kimi vacib hesab etdirərək satan biznes korporasiyaları və nəfsimiz deyil. Həm də ətrafdakı insanların düşüncələrini çox önəmsəməyimiz və o düşüncələrdən asılı olmamızdır.
⠀
Məsələn bu yazını oxuyan neçə nəfər 2-ci əl geyimləri, başqaları nə düşünər deyə yox, özü bəyənmədiyi üçün almır?
Neçə nəfər evdən çıxarkən, ətrafdakı insanların düşüncəsinə görə yox, özü bəyənmədiyi üçün sendviç hazırlayıb çantasına atmır?
Neçə nəfər geyim sayını başqaları təkrar geyimdə görməməsi üçün yox, özü çox geyim sevir deyə, dolabdakı geyim sayını azaltmır?
⠀
İnsan övladı, ömür boyu içində çapalayacağı bir tor tikir özü üçün. Torun kənarında isə daha sadə, lakin daha xoşbəxt bir həyat var. Bu xoşbəxtliyi yaşamaq üçün qaçmamalıyıq, qaçmağa məcbur edən şeyləri isə azaltmalıyıq. Azaltmaq üçün isə minimalizm haqqında oxuyub, düşünməliyik.
© Murad Məmmədov (facebookda izlə)