Ötən dəfə nahar etmək üçün, atatürk prospektində yerləşən bir kafeyə girdim.
⠀Növbədə 5-6 müştəri vardı. Ən sonuncu adamı tapıb ondan sonra dayandım.
Arada kimsə deyirdi ki, gəl keç qabağa və.s. Hamısına asta şəkildə növbədə dayanmaq istədiyimi deyirdim.
⠀
Sonra yeni gələn bir müştəri, ilk öncə mənə “Niyə növbədə dayanmısan, yer vermirlər sənə ?” dedi. Növbədə dayanmağın şəxsi seçimim olduğunu bildirdim. Ardınca bu adam yüksək səslə məndən öndə dayananlara “Əəəə, bu oğlana niyə yer vermirsiniz” deyə qışqırdı.
⠀
Təsəvvür edirsiz? Mədəni şəkildə, özünü heç kəsdən üstün tutmadan, dəqiqələrlə növbədə dayanırsınız, kimsə çıxır “niyə yer vermirsiz” deyə qışqırıb bütün diqqətləri üzərinizə çəkir.
⠀
Əminəm bəzən bir çoxunuz, hər hansısa sosial qrupun qaldırdığı problemlərdən yorulub,
“Əşi bunlar da lap bezdirdilər ee”. demisiniz. Olubsa narahat olmayın, özüm də arada bezirəm. Amma bir sualım var, bütün bu səsküyün içində heç düşünmüsünüzmü, həqiqətdə bu adamlar nə istəyir? Əgər maraqlıdırsa cavabını deyim.
⠀
Əslində əlilliyi olan şəxslər də daxil olmaqa, bir çox sosial statuslara sahib insanların istədiyi tək şey “Bərabərlik”dir.
⠀
Telefonlar üçün muasir universal adaptorlar görmüsünüz? O adaptorlara həm iPhone, həm Samsung həm də başqa model telefonları enerji ilə doldurmaq üçün usblər (naqillər) girir.
⠀
Əlilliyi olan şəxslər də istəyir ki, bu gün ölkədə olan “qapılardan”, əlilliyi olmayan şəxslər girdiyi kimi, əlil arabasında olanı, uzun boylusu, balaca böylusu, görməyəni, eşitməyəni, fərqli düşünəni, bir sözlə hamı o qapıdan girə bilsin.
⠀
Bu bərabərliyi təkcə özümüzə sərf edən məsələlərdə deyil, hər şeydə istəyirik. Məsələn girdiyim restoranda növbədə dayanmağım özü də bərabərlik göstəricisidir və mən bunun tərəfdarıyam. Hansısa əlilliyi olan şəxs belə düşünmürsə, o şəxsi keyfiyyət məsələsidir.
⠀
İstəyim(miz) yeganə şey bərabərlikdir. Bu sahədə 10 ildir çalışan, eyni zamanda əliliyi şəxsi təcrübədə yaşayan biri kimi sizi əmin edirəm ki, bu bərabərliyi təmin etmək elədə çətin deyil. Necə etmək lazım olduğunu bilmək istəsəniz, bölüşməyə hazıram.
© Murad Məmmədov (facebookda izlə)