Planlamıram öncədən deyəcəklərimi. Götürmürəm oradan buradan sözlərimi.
Axı nə ehtiyacım var bunlara, kənara qoyub sənə olan hisslərimi?
⠀
Sən qələmimə qüdrət verən mürəkkəb kimisən.⠀
Üzülmə, artıq deyiləm mən kədərli, əksinə məncə hər kəs bu halı yaşamalı, bilməli. Axı insan övladı nə zamana qədər özü özündən qaçmalı, gizlənməli?
⠀
Sən xasiyyəti kimi intilekti də süniləşən bu dünyanada, üstü toz bağlamağına rəğmən, hələ də nəfəs alan duyğularım kimisən.
⠀
Oturmuşam görüşdüyümüz ağacın kölgəsində, o da daşıyır yarpaqlarını, budaqlarını gövdəsində.
İnsanlar tək onun da var başqa ağaclar ətrafında, çevrəsində.
⠀
Sən özümdən belə uzaq tutmağa çalışdıqca, qaçıb beynimin ən dərinliyində gizlənən düşüncələrim kimisən.
⠀
Gəlməz bu cümlələr normal insanın ağlına, yəqin ona görədir ki, yoxdur verən hay onun sorağına.
Qışqırır bağırır dəlilər kimi, ‘Heeeey İnsanlar!! Hansınızda var dərman mənim yarama?’
⠀
Sən sağalması üçün üstünü örtdüyüm, sağalıbmı deyə açıb baxanda, sarğıya yapışıb yenidən qanayan yaram kimisən.
⠀
Gəl bitirək bu şeiri yüksək əhval ruhiyyədə. Axı lazımdır hər şeyə bir balans, sevincə də, kədərə də. Düzü heç bilmirəm necə olacaq irliləyən günlərdə.
⠀
Gələcək onsuz da gələcək. Sən bu günümə diqqətlə baxmaq üçün, qəlb aynama düşən günəş şuaları kimisən!
⠀
Şeirin adı: Sən bilirsən kimsən?
Müəllif: © Murad Məmmədov
Yazılma tarixi: 5 iyul 2020
