Bir neçə gün öncə taksi sifariş etdim. Taksidə söhbətləşməyi çox sevmədiyimdən sürücü ilə mümkün qədər heç bir dialoqa girmirdim.
⠀
Bütün səssizliyimə rəğmən sürücü nələrsə haqqında danışırdı. Onun özü ilə monoloqunda diqqətimi çəkən cümlələrdən biri, “üzr istəyirəm, öz ailəm ilə yaşayıram” ifadəsi oldu.
⠀
Yəqin ki, aşağıdakı cümlələri hər biriniz eşitmisiniz:
⠀
- Üzr istəyirəm övladım.
- Üzr istəyirəm həyat yoldaşım.
- Üzr istəyirəm mən ailə həyatı quranda.
- Üzr istəyirəm evdəkilərlə filan yerə gedəndə.
⠀
Sizcə nə üçün bir çox insan həyat yoldaşı və övladı haqda bəhs edərkən üzr istəyirlər?
⠀
Ümid edirəm ki, hörmət əlaməti olaraq üzr istədiklərini söyləməyəcəksiniz. Çünki “ailə” “həyat yoldaşı” “övlad” sözləri, Azərbaycan dilində, leksikomunda əxlaqsız və söyüşlü ifadələr siyahısında deyil. Əgər mənə inanmırsınızsa, google-da bu sözlərdən birini yazıb, mənasını axtarın.
⠀
Belə olan halda yalnız bir ehtimal qalır, bu şəxslər sekslə məşğul olduqları üçün üzr istəyirlər. Yəni onlar yuxarıdakı cümlələri qurduqları zaman, bu cümlələr beyinlərində başqa cür qurulur. Məsələn:
⠀
Bizə deyir: “Üzr istəyirəm övladım”
⠀
Beynində düşünür: “Həyat yoldaşımla seks nəticəsində yaranan uşaq”
⠀
Bizə deyir: “Üzr istəyirəm toy günümdə də yağış yağmışdı”
⠀
Beynində düşünür: “Gecəsi sekslə bitən günümdə”
⠀
Bizə deyir: “ Üzr istəyirəm, həyat yoldaşımın bişirdiyi yemək”
⠀
Beynində düşünür: “Sekslə məşğul olduğum şəxsin bişirdiyi yemək”
⠀
Yenə deyirəm, bu cümlələri qurarkən üzr istəməyin hörmət saxlamaqla heç bir əlaqəsi yoxdur, bu sözlər əxlaqsız sözlər deyil. İnsanlar bu cümlələri sekslə əlaqələndirirlər buna görə üzr istəyirlər.
⠀
Ortaya belə bir sual çıxır, yaxşı lap bu adamlar sekslərinə görə üzr istəyirlər, bunun sənə nə dəxli var? Hanı sənin bütün günü car çəkdiyin söz azadlığına, özünü ifadə etmək azadlığına olan hörmətin?
⠀
Onda qulaq asın cəmahət, mən danışım rəvayət:
⠀
Bu məsələ məni ona görə narahat edir ki, bir insan seksə görə üzr istəyirsə, seksin ayıb birşey olduğunu düşünür.
⠀
Bir insan seksin ayıb birşey olduğunu düşünürsə:
⠀
O adam müəllimdirsə, məktəbdə şagirdlərə cinsi həyat haqda nə öyrədə bilər? Ona görə gənclərin bir çoxu seks zamanı qoruyucudan istifadə etmirlər.
⠀
O adam qonşudursa, rəsmi nikah olmadan sekslə məşğul olanlara hansı münasibət bəsləyər? Ona görə əri olmayan qadınların kiminləsə cinsi həyatı olanda fahişə damğası vurulur.
⠀
O adam rejissordursa, necə səmimi və baxımlı film çəkə bilər ? Ona görə filmlərimiz cizgi filmlərinə oxşayır.
⠀
Hər şey bir kənara. Nəhayətində hamımız seksdən əmələ gəlməmişikmi?
⠀
Əksər insanlar problemin səbəbinə baxmaqdan nəticəyə baxırlar.
⠀
Əgər bu gün seksin ayıb birşey olduğunu düşünən ailə və ya müəllim yeniyetməyə seks haqda gərəkli məlumatları verməsə, yeniyetmə hamilə qalsa və ya hər hansısa virusa yoluxsa, hərə bir baltanı əlinə alıb düşəcək bu yeniyetmələrin, gənclərin üstünə, çünki nəticəyə fokuslanacaqlar.
⠀
Kök, səbəb qalacaq kənarda. Səbəb nədir? ‘Seks ayıbdır’ ondan danışmaq olmaz! Danışdınsa, üzr istəməlisən!
⠀
© Murad Məmmədov