Bir neçə gün öncə, yaşadığım məhəllədə meyvə tərəvəz alarkən, dükan sahibi ilə aşağıdakı dialoqu yaşadım:
⠀
- Siz niyə sıxılmış hazır nar şirəsi satmırınız? Mən çox sevirəm, hər gün sizdən alaram.
- Əşi neyləyirsən şirəni. Ondansa narın özünü daha ucuz al, apar evdə sıx iç, 2 manat da qabağa düş.
- Həqiqətən də, siz düşünürsünüz ki, 2 manata görə, o qədər zaman itirməyə, nari sıxmaq üçün əziyyət çəkməyə, sıxandan sonra ətrafa sıçramış şirəni təmizləməyə dəyər? Axı həyatda ən dəyərli olan zamandır.
Dükan sahibi yarı fikirli halda gülümsədi və mən alış verişimə davam etdim.
⠀
Dəfələrlə diqqət etmişəm ki, bəzi insanlar “qabağa düşmək üçün” özlərini əziyyətə salırlar, dəyərli resursları qurban verirlər.
⠀
Əlbəttə daha öncəki məqalələrimdə minimalist həyat tərzini təbliğ etdiyim üçün, bu yazı bəzilərinizə qəribə gələ bilər. Lakin mənim bu yazıda bəhs etdiyim israfçılıq deyil, şəxsi həyatınızdan tutmuş, mənəvi dünyanıza qədər daha məhsuldar ola bilmək haqdadır.
⠀
Məsələn təsəvvür edin iş görüşməsinə getmək üçün, taksiyə verə biləcəyiniz 5 manat var. Lakin siz öz aləminizdə qənaət edib “qabağa düşmək” üçün, 30 qəpik verib, avtobusla gedərəm deyirsiniz. Belə olan halda, avtobusdakı yer davası edən xalaların, sürücü ilə mübahisə edən dayıların və ehtimal edilən digər məqamların bəxş etdiyi mənfi enerji ilə getdiyiniz iş görüşməsinin uğursuz olma ehtimalı kifayət qədərdir.
⠀
Halbuki, 5 manatı taksiyə verib, yol boyu sevdiyiniz musiqi sədaları altında, müsbət enerjiyə köklənərək gedə bilərdiniz və iş görüşməsində daha pozitiv, daha müsbət enerji bəxş edən namizəd ola bilərdiniz.
⠀
Bənzər misalları çox çəkmək olar. Əsas məsələ odur ki, israfçılıq ilə məsuldarlığınızı azaldıb, inkişafınızı ləngidən məqamları ayıra biləsiniz.
⠀
Evdə 2 nəfər yaşadığınız halda, 20 ədəd boş qab almaq israfçılıqdır bəli. 2 ədəd də qonaq üçün alıb, 16 ədəd qabın puluna qənaət edə bilərsiniz. Və ya yenidən, hansısa brendən heç bir fərqi olmayan ikinci əl geyim alaraq qənaət etmək də ağıllı fikirdir.
⠀
Lakin 5 manatlıq sağlıqlı olduğuna əmin olduğunuz ərzağı qoyub, qənaət etmək üçün 2 manatlıq mənşəyi bilinməyən sosiska almaq ( bu misal içki ilə də ola bilərdi :D ) heç də sizi qabağa salmaz. Sabahsı günü sizi 20 manatlıq tibbi xərcə salar.
⠀
Özünüzü biznes subyekti kimi zənn edin. Zamanınıza, enerjinizə və müsbət əhvalınıza qənaət edəcək məqamlara pul xərcləməkdən çəkinməyin. Çünki bu pullar artıqlaması ilə geri qayıdacaq.
⠀
Əlbəttə bu yazıda çəkinməyinizi tövsiyyə etdiyim bəzi şeyləri, keçmişdə özüm də etmişəm. Lakin həm daha çox ömür sürdükcə, həm də qazandığım pulları qeyd etdiyim kimi, zamanımın, enerjimin qənaətinə xərclədikcə, müsbət təsirini görmüşəm. Və beləcə indi qeyd etdiyim yanaşma ilə, tərz ilə yaşayıram.
⠀
Ümumilikdə isə, kasıblıq insanın cibindəki pulunun sayı ilə ölçülməməlidir. Düşüncəsinin sərhədlərinin genişliyi ilə ölçülməlidir. Və bu təkcə pul qazanmaq haqda olan düşüncələrə aid deyil.
⠀
© Murad Məmmədov
