Fiziki və ya seksual zorakılığa məruz qalan əlilliyi olan qadınlar əlilliyi olmayan qadınlara nisbətən 1,5 -10 dəfə daha çoxdur.
Özü də bu zorakılığı edən onların ailə üzvləri və ya qəyyumlarıdır.
Bunu mən demirəm, məlumat 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında dərc edilib (link şərhdə).
Yazıda daha bir neçə maraqlı statistika var:
- Hər dəqiqə 30 qadın uşaq doğan zaman, ya ciddi zədələr alır, ya da əlillik qazanır.
- Əlilliyi olan kişilər arasında məşğulluq səviyyəsi 52.8% olduğu halda, əlilliyi olan qadınlar arasında bu sadəcə 19.6%dir.
Mən əlilliyi olan kişi olmağımdan əlavə, uzun illərdir ki, əlillik məsələləri üzrə ictimai fəaliyyət göstərirəm. Son illər qadınlara qarşı cinsi ayrıseçkilik diqqətimi çəkdiyi üçün düşündüm ki, əlilliyi olmayan qadınlar bu qədər çətinliklərlə qarşılaşırsa, gör indi əlilliyi olan qadınlarda durum necədir ? Və düz də təxmin etmişəm…
İnternetdə qısa araşdırmadan əlavə, Azərbaycanda yaşayan iki əlilliyi olan qadından bu məsələyə dair müsahibə aldım. Onların fikirlərini qısa şəkildə sizə təqdim edirəm:
Cəmilə Məmmədli:
- Əlilliyi olan qadınların ən böyük fərqlərindən biri onların qadın sayılmamasıdır. Onların cinsi və romantik ehtiyacları varmış kimi davranılmır. Qadınların az qala beşikdən eşitdikləri “ərə gedəsən” arzusunu şəxsən ilk dəfə 16 yaşımda eşitmişəm və onda da ətrafdakılar ağız əyib “arvad lap ağlını itirib” deyiblər.
- Digəri isə estetik qayğılardır. Əlilliyi olan qadınlar estetik cəhətdən çoxluqdan fərqləndiyi üçün daha çox kompleks edir, kənar baxışlara məruz qalır.
Ən çox eşitdiyim komplement “çox qəşəngsən, amma heyif arabadasan…”
İnsanlar əlilliyi olan qadınların gözəlliyini, cazibəsini rədd edir rəsmən. Yaraşdırmırlar.
Bir də taciz halları çox olur…
Mən də rastlaşmışam, lakin fiziki səviyyəyə qalxmayıb. Mən çox ayığam o cəhətdən, bir də həyasız :)
Amma tacizlə üzləşən, hətta daha artığını yaşayan qızlar çoxdur.
Anjana Vaid:
Əlilliyi olan qadınlar, kişilərə nisbətən daha fərqli çətinliklər yaşayırlar. Məsələn onlardan biri mensturasiya (aybaşı) dövrüdür.
İctimai və iş yerlərində tuaetlərin qeyri müyəssər (şəraitsiz) olması, əlilliyi olan qadınların period dövründə daha çox çətinlik yaradır.
Həmçinin qadına uşaq istehsal edən qurğu kimi baxılan cəmiyyətdə, əlilliyi olan qadına daha çox stereotiplə (ön yarğı ilə) yanaşılır. Məsələn adicə ayaqlarında məhdudiyyətlər olan qadın haqda, uşaq da doğa bilməz düşüncəsi var.
Qeyd: Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarını qoruyan yerli və beynəlxalq qanunlar vardır. Bu qanunlar bir çox dövlət və özəl qurumlar tərəfindən layiqincə icra edilmədiyi üçün hər gün yüz minlərlə əlilliyi olan qadın və kişilər çox sayda sosial, iqdisadi problemlərlə qarşılaşırlar.
Biz əlilliyi olan şəxslər, dövlət və qeyri dövlət qurumlarının bu məsələlərə daha diqqətlə yanaşmalarını və vəzifə borclarını daha səriştəli şəkildə icra etmələrini tələb edirik!
© Murad Məmmədov
